Zəfər seçkiləri böyük mənəvi-siyasi əhəmiyyət daşıyır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Hacıqabul şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, YAP Veteranlar Şurasının üzvü Sudeif İmamverdiyev, təşviqat qrupunun üzvləri Aynur Əsədova və Zaur Qasımov iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti xalqımızın işıqlı gələcəyinin təminatıdır. Son 20 il ərzində Azərbaycan inkişaf tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib. Bildirilib ki, qarşıdan gələn prezident seçkiləri hər birimiz üçün böyük mənəvi-siyasi əhəmiyyət daşıyır. Bu baxımdan, natiqlər seçiciləri fevralın 7-də doğru seçim edərək qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında sona çatıb.