Zəfər zirvəsində...

Prezident İlham Əliyevin 20 il öncə verdiyi vədlər günümüzün reallıqlarında öz əksini tapır

Xatirə Əliyeva

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi, Əməkdar jurnalist

Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada, Laçında, işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Vaxtilə hədəf kimi qarşıya qoyulan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması bu gün artıq reallıqdır. Üç ildir torpaqlarımız tarixi sahibinə qovuşaraq dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır. İşğaldan azad edilmiş ərazilərimiz hazırda Azərbaycanın şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Qarabağımızın və Şərqi Zəngəzurumuzun hava qapıları dünyaya açılır. Uğurlarımızı sadalamaqla bitmir. Təbii ki, bunlar böyük qətiyyətin, illərin səylərinin, xalqımızın sabaha böyük inamla baxmasının nəticəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin düşünülmüş, məqsədyönlü, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolu davamlı uğurlara yol açdı. 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqa tarixi müraciəti ilə bugünkü reallıqların əsasını qoydu. Həmin müraciətdə deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu müraciətdən 17 il sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu çağırışı etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Hər bir vəd, qarşıya qoyulan vəzifələr zamanında reallığa çevrildi.

Son 20 ilin uğurlarını bir yazıda əhatə etmək mümkün deyil. Azərbaycan bütün sahələrdə davamlı uğurları, zəngin təcrübəsi ilə dünyanın diqqətindədir. Ölkəmizin dünyaya təqdim etdiyi təkmil inkişaf modeli təqdir edilir, öyrənilməsinin və tətbiqinin vacibliyi bildirilir. Dövlət başçısı İlham Əliyevin “Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq” tezisi bütün dövrlərdə əsas hədəf kimi qarşıda dayanır. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Azərbaycanın iqtisadi qüdrəti daha da artdı. Ölkəmiz beynəlxalq maliyyə qurumlaının hesabatlarında ən islahatçı, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi qərarlaşdı. İqtisadi müstəqilliyimizin təmin olunması Azərbaycanın siyasi mövqeyini daha da möhkəmləndirdi, bütün sahələrdə davamlı uğurlara yol açdı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan Ordumuzun daha da güclənməsi, döyüş qabiliyyətinin artırılması, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində atılan addımların uğurlu nəticələri özünü 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi Zəfərə imza atdı. Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Çoxəsrlik tariximizin Zəfər səhifəsi daim minnətdarlıq hissi ilə vərəqlənəcək. 30 il işğal altında qalan, dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız bu gün dirçəliş dövrünü yaşayır. Tarixi Zəfərimizdən dərhal sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Bu səfərlər tarixi Zəfərimizin təqdimatıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, bərpa edilir, soydaşlarımızın gələcəkdə daha rahat yaşayışı üçün bütün şərait yaradılır. Azərbaycan “ağıllı şəhər”, “ağıllı kənd” layihələri ilə dünyanın diqqətindədir. 

2023-cü il Azərbaycan tarixinə daha bir zəfər səhifəsini yazdı. Sentyabrın 19-da rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan təmizləndi. Azərbaycanın suverenliyi tam təmin edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə bildirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Dövlət başçısı İlham Əliyevin iştirakı ilə noyabrın 8-də, Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi parad, dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması kimi mühüm çağırışları özündə ehtiva edən tədbirlərin hər biri Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır. Prezident İlham Əliyevin oyundan əvvəl stadionda çıxışı zamanı qeyd etdiyi kimi, biz buraya qayıtmalı idik və qayıtmışıq. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.

Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində böyük əminliklə verdiyi vədlər bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi ədalətə söykənərək tarixinin zəfər səhifələrini daha da zənginləşdirir. Dövlət başçısı İlham Əliyev ötən il 24 dekabr tarixində, doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Bu görüş də özündə gələcəklə bağlı çağırışları ehtiva etdi. Müzəffər Ali Baş Komandan böyük əminliklə bildirdi ki, biz Qərbi Azərbaycana qayıdacağıq.

2003-cü ildən başlanan Böyük Yolun uğurlarına qısa baxış belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan zəfər dastanı yazmaqda davam edir.