Ziyafət Əsgərov: “Bu məsələnin həlli Rusiyadan asılıdır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Yevda Abramov Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə Bakıya "qəhrəman şəhər” statusunun verilməsini təklif edib. SİA-nın məlumatına görə, Y. Abramovun bu təklifini yüksək qiymətləndirən vitse-spiker Ziyafət Əsgərov deyib ki, bu müharibənin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük olub: "Təəssüf ki, Mixail Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, Qanlı 20 yanvar, Xocalı Soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Narişkinin qarşısında bu məsələni qaldırmışdı. Hərhalda bu məsələnin həlli Rusiyadan asılıdır”.