10 noyabr xəstə erməni xülyasının dəfn edildiyi gündür - RƏY

Ermənistanın qüdrətli Azərbaycan Ordusunun qarşısında ağ bayraq qaldıraraq təslim olmasından 3 il ötür. “Böyük Tiqran”ın “davamçıları” qəhrəman oğullarımızın qarşısında cəmi 44 gün duruş gətirdilər. Daha doğrusu, bu müddət ərzində qaçıb canlarını güclə xilas etdilər. Vətən müharibəsində elə bir gün olmadı ki, igidlərimiz yeni əraziləri, düşmən postlarını əldə etməsinlər, irəliləməsinlər.

Dəmir yumruq sonda – 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur etdi. Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına rəsmən son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ermənistan təkcə Qarabağda işğal etdiyi əraziləri itirmədi. Onlar həm də əsrlərdir ki, “böyük Ermənistan” xülyasından, “dənizdən dənizə” iddialarından uzaqlaşdılar. Azərbaycan regionun bəlasına çevrilmiş, bölgədə sülh və inkişafı əngəlləyən Ermənistanı yerində oturtdu, onları öz yuvalarına qədər qovdu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

Deputat qeyd edib ki, 10 noyabr üçtərəfli Bəyanatı Ermənistan üçün təslimolma, Azərbaycan üçün isə qələbə aktıdır. Bütün dünya, beynəlxalq təşkilatlar, siyasi və hərbi institutlar bu sənədi məhz bu cür qəbul edir.

“2020-ci il 10 noyabr Bəyanatı Azərbaycan xalqının tarixində parlaq bir səhifədir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu qələbədə ölkəmizdəki bütün vətəndaşların payı var. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.

Çoxları düşünürdü ki, 10 noyabr Bəyanatı Azərbaycanın əlini-qolunu bağlayacaq və rəsmi Bakı 44 gün ərzində qazanılan Zəfərlə kifayətlənməli olacaq. Amma xeyir! Bu Zəfərin, Qələbənin davamı olmalı idi. Zəfər zəncirinin sonuncu halqasına qədər mübarizəmiz davam edəcəkdi və etdi. 10 noyabr razılaşmasından sonra Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhərinin, Zabux və Sus kəndlərini qan tökülmədən qaytarıldı. Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də imzalandı.

Təəssüflər olsun ki, Ermənistan 10 noyabr razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi. Söhbət Qarabağdakı erməni silahlılarının tərk-silah olunmasından, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasından və bölgədə kommunikasiyaların açılmasından, konkret desək, Zəngəzur dəhlizinin açılmasından gedir. Təbii ki, Azərbaycan dövləti birtərəfli qaydada 10 noyabr Bəyanatına əməl etməyə borclu deyildi. Əgər Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edirsə, Azərbaycan da adekvat addımlar atmalı idi”, - deyə İ.Yusifov vurğulayıb.

 

Vurğulanıb ki, bu il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu, bununla da Ermənistandan Qarabağa silah daşınmasının, qanunsuz gediş-gəlişin qarşısı alındı. Bu ilin sentyabrında antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, bir sözlə, bütün Qarabağ Azərbaycanın nəzarətinə keçdi. Prezident İlham Əliyevin həyata keçirdiyi “güclü dövlət, güclü ordu” strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Doğrudur, hazırda Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılması məsələsi əvvəlki cəlbediciliyini itirib. İran dövləti Azərbaycana öz ərazisindən Naxçıvana gedəcək kommunikasiya xəttini təklif edib və hazırda bu layihə icra olunmaqdadır. Burada uduzan yenə də Ermənistan tərəfi oldu. Onlar yenə də böyük layihədən kənarda qaldılar. Hesab edirəm ki, baş nazir Nikol Paşinyan Ermənistandakı revanşist qüvvələrin təzyiq və təhdidlərindən qorxmayaraq Zəngəzur dəhlizinin açılışına mane olmamalıdır. Həmçinin Ermənistan Azərbaycanın sülh təkliflərinə müsbət cavab verməli, iki ölkə arasında sərhədlər müəyyən edilməlidir.