25 Noyabr – Kəlbəcər Şəhəri Günü: Rəşadətin və Qətiyyətin Simvolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində sakinlərlə görüşü zamanı bildirdi ki, “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. u gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm”. Bəli, bu fikirlər bir daha göstərir ki, bu torpaqların tarixi sakinləri kimdir?  Bu gün Kəlbəcər rayonunun Ermənistan işğalından azad edilməsinin beşinci ildönümüdür. Kəlbəcər rayonunun azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin siyasi rəhbərliyi və Vətən Müharibəsində Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları sayəsində mümkün oldu. Düşmənin işğal etdiyi torpaqların qaytarılması, yalnız müharibə meydanında deyil, həm də diplomatik sahədə Azərbaycanın böyük uğuru sayəsində baş tutdu. Üçtərəfli Bəyanatla Kəlbəcər şəhəri və rayonun 147 yaşayış məntəqəsi azad edilib, bu, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və qələbəsinə olan inamın təcəssümüdür.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı bəyanata əsasən, Kəlbəcərin 15 noyabrda Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfi öz bölmələrini və qanunsuz yerləşdirilmiş birləşmələrini bölgədən çıxarmaq üçün əlavə 10 gün vaxt istədi. Humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan Kəlbəcərin qaytarılmasını 25 noyabr tarixinə qədər təxirə salmağa razı oldu. Lakin bunun əvəzində Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi davranışlarının  nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər erməni vandalizminin əyani sübutudur.  1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu, digər işğala məruz qalmış ərazilərimiz kimi, müharibə cinayətləri nəticəsində dağıdılmışdı. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Artıq 5 ildir ki, Kəlbəcər Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri kimi azaddır.

2020-ci il noyabrın 25-də, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əzmi və qətiyyəti ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi, daha bir tarixi qələbənin müjdəçisi oldu. Bu, 44 günlük Vətən Müharibəsinin şanlı uğurlarından biri olaraq, Azərbaycan xalqının zəfər iradəsinin və mübarizliyinin təntənəsi kimi yaddaşlarda əbədi qalacaq. Ermənistanın kapitulyasiya aktını imzalaması və işğal altındakı ərazilərimizi boşaltması nəticəsində, Kəlbəcər, Laçın və Ağdam kimi tarixi torpaqlarımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şanlı əməliyyatları sayəsində azad olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, Kəlbəcər Şəhər Günü 25 noyabrda qeyd olunur.İşğaldan azad olunduqdan sonra, Kəlbəcər torpaqlarında bərpa və quruculuq işləri sürətlə həyata keçirilməyə başlanıb. Bu gün Kəlbəcər, yalnız ərazi baxımından deyil, həm də infrastruktur və sosial sahələrdə yenidən inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr, regionun sosial və iqtisadi həyatını yenidən canlandırmaq məqsədini daşıyır. Xüsusilə, Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası bu istiqamətdə mühüm addımlardan biridir. 80,7 km uzunluğunda olan bu yol, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək, həmçinin bölgənin iqtisadiyyatını inkişaf etdirəcək. Bundan əlavə, Murovdağda inşa olunan tunelin və Kəlbəcər-Laçın avtomobil yolu üzərindəki digər layihələrin tikintisi regionun gələcək inkişafını sürətləndirəcək. Bu infrastruktur layihələri, Kəlbəcər və ətraf rayonların yeni bir inkişaf dövrünə qədəm qoymasına şərait yaradacaq. Bölgənin füsunkar təbiəti, zəngin su ehtiyatları, tarixi abidələri və dağlıq relyefi, bu ərazini gələcəkdə turizm mərkəzinə çevirəcək amillərdən yalnız bir neçəsidir. Kəlbəcərin inkişaf edən infrastrukturu, yerli və xarici turistlərin cəlb edilməsi üçün şərait yaradacaq, bu da əraziyə əlavə iqtisadi faydalar gətirəcək.
Azərbaycan xalqı və dövləti, bu torpaqların işğaldan azad olunması ilə öz müstəqilliyini və ərazi bütövlüyünü bərpa etdi. Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız, Azərbaycan xalqının qürurunu və azadlıq mücadiləsini simvolizə edir.

Kəlbəcəri xalqımıza, kəlbəcərlilərə geri qaytaran  Müzəffər Ali Baş Komandana minnətdarıq.  Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, veteranlarımıza, əsgərlərimizə möhkəm cansağlığı versin. Kəlbəcər, artıq Azərbaycanın daimi bir parçasıdır, əbədi olaraq bizə məxsusdur. 
 

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynov