Qazaxıstanda Azərbaycan Universitetinin stendinə böyük maraq

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti 7-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "Study in Azerbaijan" təhsil sərgisində iştirak edir. Sərginin ziyarətçiləri universitetin stendinə böyük maraq göstərirlər.

Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının Elm və təhsil nazirinin müavini Talqat Yeşenkulov sərgi ilə tanış olub, həmçinin Azərbaycan Universitetinin stendində olublar. Rektor Səadət Əliyeva Talqat Yeşenkulova rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib, sərginin yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Həmçinin stendin ziyarətçilərinə universitetə qəbul prosesi, tədris olunan ixtisaslar, dil hazırlığı, əcnəbi tələbələr üçün yaradılan akademik və sosial imkanlar, mübadilə və ikili diplom proqramları, tələbə həyatı haqqında məlumat verilir, suallar cavablandırılır.

Stenddə 11-ci sinif şagirdləri üçün viktorina da təşkil olunur. Azərbaycan və Qazaxıstan tarixini əhatə edən sualları doğru cavablandıranlar Azərbaycan Universitetinə qəbul olacaqları təqdirdə təhsil haqqına müəyyən güzəştlər əldə edirlər. Qaliblərə milli ornamentli hədiyyə və suvenirlər də təqdim olunur. Universitetin stendini Qazaxıstanda fəaliyyət göstərən müxtəlif profilli universitet və təhsil müəssisələrinin rəsmiləri də ziyarət edir. Onlara Azərbaycan Universiteti haqqında məlumat verilir, yeni əməkdaşlıqların təməli atılır.

Sərgi davam edir və bu gün saat 17:00-da yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın elm və təhsil nazirlikləri tərəfindən birgə təşkil olunan sərgi Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilir. Sərginin məqsədi ölkələr arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək, abituriyentləri, tələbələri və gənc mütəxəssisləri Azərbaycanda təhsil imkanları barədə məlumatlandırmaqdır. Sərgidə Azərbaycanın 30-a yaxın aparıcı universiteti iştirak edir.