Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkəmizin hərbi-siyasi qələbələri fonunda Cənubi Qafqazda formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycan–Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
O qeyd edib ki, ötən il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların praktik mərhələyə qədəm qoyduğu bir dövrdə baş tutan bu səfər Bakı ilə Tbilisi arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşündə səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, iki ölkə arasında münasibətlər dostluq, mehriban qonşuluq və qarşılıqlı etimada əsaslanır. Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlıq artıq region üçün nümunəvi modelə çevrilib. Bu baxımdan, ali səviyyədə dialoqun davam etdirilməsi yeni geosiyasi reallıqda maraqların daha effektiv uzlaşdırılmasına xidmət edir.
Deputat əlavə edib ki, Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması və regionda de-fakto sülh mühitinin yaranması ölkəmizin nəqliyyat-kommunikasiya habı kimi rolunu daha da gücləndirib. Xüsusilə Orta Dəhlizin etibarlı və sabit seqmentlərindən biri kimi Azərbaycanın mövqeyi Bakı ilə Tbilisi arasında həyata keçirilən birgə layihələrin strateji əhəmiyyətini artırır.
Onun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində və sonrakı dövrdə əldə etdiyi qələbələr nəticəsində Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşıb. Bu reallıq region ölkələrinin öz milli maraqları əsasında əməkdaşlıq imkanlarını genişləndirib və xarici təsir amillərini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
“Bu gün qlobal miqyasda gərginliyin artdığı, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycan-Gürcüstan əməkdaşlığı təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin uğurla yekunlaşacağı təqdirdə, regionda inklüziv iqtisadi əməkdaşlıq platformasının formalaşması üçün geniş imkanlar yaranacaq”, - deyə deputat əlavə edib.
O bildirib ki, indiyədək Azərbaycan və Gürcüstan arasında formalaşmış uğurlu əməkdaşlıq modeli yeni mərhələdə daha da inkişaf etdiriləcək. B.Məhərrəmovun fikrincə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri yalnız ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi deyil, eyni zamanda, Cənubi Qafqazın yeni geosiyasi şəraitdə inkişaf trayektoriyasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.