“Cənubi Qafqaz regionu iqtisadi əməkdaşlıq və investisiya tərəfdaşlığının yeni mərhələsinə keçid edir”

“Prezident İlham Əliyevin Gürcüstana səfəri Azərbaycan–Gürcüstan iqtisadi münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə daxil olduğunu təsdiq edən bir çox mühüm məqamlarla yaddaqalan oldu. Bu münasibətlər təkcə klassik ticarət əlaqələri ilə məhdudlaşmır, həm də strateji investisiya tərəfdaşlığı və uzunmüddətli iqtisadi inteqrasiya istiqamətində inkişaf edir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artım dinamikası xüsusi diqqət çəkir. 800 milyon dollardan artıq olan ticarət həcmi və cari ildə bu göstəricinin daha da yüksəlməsi iqtisadi əlaqələrin sabit və davamlı xarakter daşıdığını göstərir. Cənab Prezidentin mətbuaya bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, mövcud temp qorunarsa, yaxın perspektivdə ticarət dövriyyəsinin bir milyard dollara çatması tam real görünür. Bu isə artıq münasibətlərin yeni iqtisadi miqyas qazandığını deməyə əsas verir.”

Millət vəkili Göydəniz Qəhrəmanov bunları aia.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılmış 3,7 milyard dollarlıq sərmayə iki ölkə arasında iqtisadi etimadın ən bariz göstəricilərindən biridir: “Bu investisiyalar müxtəlif sahələri əhatə etməklə Gürcüstan iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Eyni zamanda, bu fakt Azərbaycan biznesinin xarici bazarlarda fəallığının və regional iqtisadi proseslərdə rolunun artdığını nümayiş etdirir. Gürcüstanda mövcud olan əlverişli sərmayə iqlimi və siyasi sabitlik investorlar üçün cəlbedici mühit yaradır. Prezident İlham Əliyevin bu amilləri xüsusi vurğulaması onu göstərir ki, iqtisadi inkişafın əsasında dayanan əsas faktor məhz sabitlik və proqnozlaşdırıla bilən siyasətdir. Gürcüstanın bu istiqamətdə əldə etdiyi nailiyyətlər Azərbaycan investorlarının marağını daha da gücləndirir. Ən diqqətçəkən məqamlardan biri isə gələcək perspektivlərlə bağlı səsləndirilən fikirlərdir. İki ölkənin yalnız qarşılıqlı investisiyalarla kifayətlənməyərək üçüncü ölkələrdə də birgə layihələr həyata keçirməsi ehtimalı əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu yanaşma Azərbaycan və Gürcüstanı regional iqtisadi aktorlardan qlobal iqtisadi tərəfdaşa çevirə bilər. Bundan əlavə, iqtisadi əməkdaşlığın qarşılıqlı fayda prinsipi üzərində qurulması bu münasibətlərin dayanıqlığını təmin edir. Hər iki tərəf həyata keçirilən layihələrdən real iqtisadi dividendlər əldə edir ki, bu da əməkdaşlığın uzunmüddətli xarakter almasına şərait yaradır. Beləliklə, Azərbaycan–Gürcüstan iqtisadi münasibətləri artıq klassik tərəfdaşlıq çərçivəsini aşaraq strateji iqtisadi ittifaq səviyyəsinə yüksəlməkdədir. Bu prosesin davam etməsi isə regionda iqtisadi inteqrasiyanın güclənməsinə, yeni investisiya imkanlarının yaranmasına və ümumilikdə Cənubi Qafqazın iqtisadi xəritəsinin yenidən formalaşmasına mühüm təsir göstərəcək” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb.