İKİTƏRƏFLİ ƏLAQƏLƏR TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİNDƏ ÖN PLANDADIR 

İkinci Dünya müharibəsindən sonra formalaşan və 80 il ərzində mövcud olmuş beynəlxalq təhlükəsizlik modeli artıq işləmir. Qlobal fəlakətə yol açan çağırışlar elə təhlükəli həddə çatıb ki, BMT kimi ali təşkilat belə, üzərinə düşən vəzifələri yerinə yetirməkdə acizlik nümayiş etdirir. Bəyanat və qətnamələrin kağız üzərində qalması, təəssüf ki, getdikcə adi hala çevrilir və bu, beynəlxalq hüququn imperativliyi prinsipini daha çox gözdən salır. Prezident İlham Əliyev yaranmış vəziyyəti nəzərə alaraq, fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ölkəmizin televiziya kanallarına verdiyi müsahibədə belə bir çağırış etmişdi: “Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”.

Təhlükəli çağırışlardan biri də onunla bağlıdır ki, oturuşmuş Alyanslarda belə, artıq çatlar müşahidə olunur, ənənəvi müttəfiqlər bir-birinə qarşı açıq şəkildə etimadsızlıq nümayiş etdirirlər. Proseslərin Cənubi Qafqaz, bölgəmiz və Azərbaycan üçün təhlükəli tərəfi ondadır ki, qanlı müharibələr həm şimalda, həm də cənubda, bilavasitə qonşuluğumuzda baş verir və onlar nəinki regionu, bütövlükdə dünyanı təsirləndirir. Elə bu səbəbdən, təhlükəsizlik məsələsi bütün dövlətlər üçün birnömrəli vəzifəyə çevrilir. Çünki aldadıcı görüntüyə baxmayaraq, bugünkü müharibələr artıq lokal xarakter daşımır və onlar dünya iqtisadiyyatına, ticari münasibətlərə, qlobal logistikaya birbaşa təsir edir.

Belə bir vəziyyətdə milli təhlükəsizlik məsələsi, o cümlədən enerji, qida və logistika təhlükəsizliyi əksər aktorlar üçün müstəsna əhəmiyyət kəsb etməyə başlayır və bu səbəbdən qarşılıqlı etimada söykənən ikitərəfli münasibətlər ön plana çıxır. Azərbaycan Prezidentinin aprelin 6-da Gürcüstana dövlət səfəri və bu səfərin siyasi-iqtisadi əhəmiyyəti həm də yeni çağırışların təhlili bucağından dəyərləndirilməlidir. Prezident İlham Əliyevin Tbilisidə mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama Azərbaycan və Gürcüstan cəmiyyətləri ilə yanaşı, digər qonşularımıza və daha geniş coğrafiyaya mühüm çağırışdır: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”.

Heç şübhəsiz ki, cənab Prezidentin bu mesajından Ermənistan hökuməti ilə yanaşı, bütövlükdə erməni cəmiyyəti, xüsusilə oradakı revanşist kəsim nəticə çıxarmalıdır. Təkcə ona görə yox ki, Azərbaycan qalib tərəfdir. İlk növbədə, ona görə ki, Ermənistan Azərbaycana qarşı ədalətsiz ərazi iddiaları və təcavüzkar siyasəti ucbatından 30 il ərzində özü-özünü regional və qlobal iqtisadi layihələrdən kənarda qoymuşdu. Yəqin, artıq fərqindədirlər ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi neft-qaz və nəqliyyat layihələri Azərbaycan ilə Gürcüstanın iqtisadi inkişafına hansı töhfələri verib və verməkdədir. Nəhayət, anlayarlar ki, bu cür layihələr iqtisadi dirçəlişlə yanaşı, siyasi suverenliyin də qarantıdır. Elə buna görə də Prezident İlham Əliyevin növbəti açıqlamasının arxasında dayanan həqiqətlər və yaxın gələcəklə bağlı çağırışlar Ermənistanı indidən düşündürməlidir: “Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

Bu cür nadir fürsəti dəyərləndirmək və sülhə can atmaq əvəzinə, revanş xülyası və yeni müharibə arzusu ilə yaşamaq Ermənistanda nəinki bu yolu təşviq edən siyasətçilərə, bütövlükdə erməni cəmiyyətinə yaxşı heç nə vəd etmir. Ermənistan hökuməti Qarabağın Azərbaycana məxsus olduğunu kimin birinci, kimin ikinci tanıması ətrafında gülünc spekulyasiyalar aparmaq yerinə, Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edənlərin çağırışlarına hüquqi müstəvidə qiymət verməlidir. Bu, həqiqi sülhə sadiqliyin obyektiv test göstəricisi olardı.

Ülvi Quliyev

Milli Məclisin deputatı