Allah-Təala hər insana bir ömür və bir tale bəxş edib. Ağıllı və müdrik insanlar Allah-Təalanın verdiyi bu ömrü çox gözəl, çox yaddaqalan və çox da yaxşı yaşayırlar. Yəni onlar ömrünün hər dəqiqəsinin, hər anının qədrini bilir, ötən aylarda və illərdə iz qoymaqla yadda qalırlar. Və bu insanlar həm də ağılları, kamalları, cəmiyyətdə tutduqları mövqeləri ilə digərlərindən seçilməyi bacarırlar. Bu insanlar başqaları tərəfindən sevilməyi də yaddan çıxarmırlar. Çünki onlar hamıya öz sevgisini, məhəbbətini, qayğısını və istəyini göstərə biliblər. Daha doğrusu, sevinclərini, kədərlərini bölüşdükləri kimi, başqalarının da xoş anlarına, kədərli dəqiqələrinə şərik çıxırlar.
70 yaş insan həyatında artıq formalaşmış dəyərlərin qovuşduğu bir dövrdür. Eyni zamanda, bu yaş yola salınan illərə bir körpüdür. Bu yaşda insan artıq kim olduğunu daha dərindən anlayır, nə istədiyini isə daha aydın görür. Məqsədyönlü, təmkinli və düşüncəli ömrü yaşayarkən arxada qalan illərə nəzər salanda əldə edilən nəaliyyətlər qarşıdakı illərə möhkəm bir təməl rolunu oynayır.
*Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova ömrünün 70-ci baharını yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif olunan Hicran Hüseynova uzun illər ərzində dövlətimizin inkişafı, qadın, ailə və uşaq məsələlərinin tərəqqisi, milli dəyərlərimizin qorunması və möhkəmləndirilməsi uğrunda fədakar xidmətlər göstərib. Belə bir təltif Hicran Hüseynoavnın layiqli qiyməti, eyni zamanda zəhmətinin, sadiqliyinin və yüksək insani keyfiyyətlərinin parlaq təcəssümüdür.
Professor Hicran Hüseynova fəaliyyəti ilə daim diqqət mərkəzində olub. Hələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr olduğu dövrdə Azərbaycan Pediatorlar Assosasiyası ilə sıx əməkdaşlıq edən Hicran Hüseynova bu sahədə reallaşdırılan bir sıra layihələrdə önəmli rol oynamaqla yanaşı uşaqların gələcəyi yönündə davamlı addımlar atmışdır.
İstər qanunverici bazanın möhkəmləndirilməsi, istər yerli və beynəlxalq təcrübənin öyrənilməsi, istərsə də uşaq sağlamlığı ilə bağlı geniş maarifləndirmə işinin təşkilində daim Assosiasiyaya dəstək olan professor Hicran Hüseynova bu gün də bu fəaliyyətini davam etdirir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri kimi ona edilən müraciətlərə daim öz mövqeyini bildirən, müharibədən əziyyət çəkən qadınlara və uşaqlara daim diqqət göstərən, bu yöndə qanunverici bazanın möhkəmləndirilməsində fəallıq nümayiş etdirən Hicran Hüseynova eyni zamanda Aazərbaycanın bu yöndə yürütdüyü xarici siyasətinin müəssir olmasında da öz fəal rolunu oynayır.
Hörmətli Hicran xanım, Sizin zəngin həyat yolunuz, gərgin zəhmətiniz və yorulmaz fəaliyyətiniz xalqımız üçün nümunə, gənc nəsil üçün ilham mənbəyidir. Ötən illərin hər səhifəsi dövlətimizə, millətimizə və gələcəyimiz olan övladlara göstərdiyiniz qayğı və xidmətlərlə işıqlanıb. Siz illər boyu dövlətçilik ideallarına sadiq qalmış, Azərbaycan qadınının gücünü, zəkasını və mərdliyini beynəlxalq müstəvidə də layiqincə təmsil etmisiniz.
“Vətənə xidmətə görə” ordeni yalnız bir mükafat deyil. Bu, millətin minnətdarlıq möhürüdür. Bu təltifin timsalında illərin zəhməti, minlərlə təşəkkürün səsi və xalqın Sizə olan dərin məhəbbəti əks olunur.
Yubiley gününüzdə Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy həyatınızın hər günü Vətən sevgisi və xalqımıza xidmət amalının işığı ilə nurlansın.
Dərin hörmətlə
Təranə Tağı-zadə
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri,
Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti,
Nadir Xəstəliklər üzrə Konsorsium Şurasının üzvü
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti,
tibb üzrə fəlsəfə doktoru