8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Hər il mart ayının 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu əlamətdar gün qadınların cəmiyyətdəki rolunu, onların hüquqlarının qorunmasını və bəşəriyyətin inkişafına verdikləri töhfələri xatırladan mühüm tarixdir. 8 Mart yalnız bayram deyil, həm də qadınların zəhmətinə, fədakarlığına və cəmiyyətin bütün sahələrində qazandıqları uğurlara verilən yüksək qiymətin ifadəsidir.

Tarixə nəzər salsaq görərik ki, qadınların hüquqları uğrunda mübarizə uzun və çətin bir yol keçmişdir. XX əsrin əvvəllərindən başlayaraq qadınların əmək, təhsil və siyasi hüquqlarının təmin olunması istiqamətində dünya miqyasında mühüm addımlar atılmışdır. Bu proses nəticəsində qadınlar tədricən ictimai-siyasi həyatın fəal iştirakçılarına çevrilmiş, dövlət idarəçiliyindən tutmuş elmə, mədəniyyətə, iqtisadiyyata qədər müxtəlif sahələrdə böyük nailiyyətlər qazanmışlar.

Azərbaycan cəmiyyətində də qadın hər zaman yüksək hörmətə layiq görülmüşdür. Xalqımızın milli-mənəvi dəyərlərində ana obrazı müqəddəs hesab olunur. Azərbaycan qadınları tarix boyu yalnız ailə dəyərlərinin qoruyucusu deyil, həm də ölkənin ictimai və mədəni həyatının fəal iştirakçısı olmuşlar. Təsadüfi deyil ki, Azərbaycan qadınları Şərqdə ilk dəfə olaraq seçki hüququ əldə etmişlər. Bu fakt qadın hüquqlarının qorunması sahəsində ölkəmizin qabaqcıl mövqeyini göstərən mühüm tarixi hadisədir.

Müasir Azərbaycanda qadınların cəmiyyətdəki rolu daha da güclənmişdir. Dövlət siyasətində gender bərabərliyinin təmin edilməsi, qadınların sosial müdafiəsinin gücləndirilməsi və onların ictimai həyatda fəallığının artırılması prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan qadınları elm, təhsil, səhiyyə, mədəniyyət, sahibkarlıq, dövlət idarəçiliyi və digər sahələrdə mühüm uğurlar qazanaraq ölkənin inkişafına əhəmiyyətli töhfələr verirlər.

Azərbaycan qadını həm də ailə institutunun əsas dayağıdır. O, gələcək nəsillərin tərbiyəsində mühüm rol oynayır, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını təmin edir. Ana sevgisi, qayğısı və müdrikliyi hər bir insanın həyatında silinməz iz buraxır. Məhz buna görə də qadına göstərilən hörmət və ehtiram cəmiyyətin mənəvi yetkinliyinin göstəricilərindən biri hesab olunur.

8 Mart münasibətilə qadınlara göstərilən diqqət və qayğı, əslində, onların cəmiyyət həyatındakı əvəzsiz rolunun bir daha təsdiqidir. Bu gün bütün dünyada qadınların hüquqlarının qorunması, onların sosial rifahının yaxşılaşdırılması və bərabər imkanlarının təmin olunması istiqamətində mühüm addımlar atılır.

Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Qadınların nur saçan varlığı, mərhəməti və gücü cəmiyyətimizin inkişafına bundan sonra da öz dəyərli töhfəsini verməyə davam edəcəkdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı