Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan Parlamentinin nümayəndə heyəti Türkiyənin İstambul şəhərində keçirilən Parlamentlərarası ittifaqın 152-ci Assambleyasında iştirak edir.
Assambleyanın Demokratiya və İnsan Hüquqları üzrə Daimi Komitəsinin bu gün keçirilən növbəti qətnaməsi üzrə hazırlıq müzakirələrində komitənin üzvü, Milli Məclisin deputatı Əminə Ağazadə “ Hamı üçün inklüziv sosial inkişaf: əlilliyi olan şəxslərin hüquqlarının və səlahiyyətlərinin artırılmasını təşviq etmək üçün parlament strategiyaları” mövzusunda çıxış edib.
Əminə Ağazadə çıxışında qeyd edib ki, inklüziv sosial inkişaf yalnız bir siyasət prioriteti deyil—bu, cəmiyyətlərimizin nə dərəcədə ədalətli və bərabərhüquqlu olduğunun göstəricisidir. Parlamentlər üçün bu, aydın bir məsuliyyət deməkdir: əlilliyi olan şəxslərin həyatın bütün sahələrinə tam şəkildə cəlb olunmasını təmin edilməlidir.
Azərbaycanda biz beynəlxalq öhdəliklərimizə, o cümlədən Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyasına uyğun olaraq hüquqlara əsaslanan yanaşma tətbiq etmişik.
Mühüm addımlardan biri əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun qəbul edilməsi oldu. Bu qanun bərabərlik, ayrı-seçkiliyin yolverilməzliyi və tam iştirak prinsiplərinə əsaslanan müasir hüquqi çərçivə formalaşdırdı. Ən önəmlisi isə, bu qanun diqqəti yardımdan gücləndirmə və inklüzivliyə yönəldir.
Deputat parlamentin rolunu üç əsas istiqamət üzrə qiymətləndirilməsinin xüsusilə vacib olduğunu qeyd edib.
Birincisi, qanunvericilik — hüquqi təminatların aydın, əhatəli və beynəlxalq standartlara uyğun olmasını təmin etmək.
İkincisi, nəzarət — dövlət proqramlarının icrasını izləmək və verilən öhdəliklərin insanların gündəlik həyatında real yaxşılaşmalara çevrilməsini təmin etmək.
Üçüncüsü, təmsilçilik — əlilliyi olan şəxslərin qərar qəbuletmə proseslərində yalnız benefisiar kimi deyil, həm də fəal iştirakçı kimi təmsil olunmasını təşviq etmək.
Deputat Əminə Ağazadə Azərbaycan dövlətinin bir sıra prioritet istiqamətlərə fokuslandığını diqqətə çatdırmışdır. “Biz inklüziv təhsilin genişləndirilməsi və təhsilin bütün səviyyələrinə çıxışın yaxşılaşdırılması istiqamətində iş aparırıq. Məşğulluğun və iqtisadi fəallığın artırılmasını, o cümlədən özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsini təşviq edirik. Həm fiziki infrastrukturda, həm də rəqəmsal mühitdə əlçatanlığın gücləndirilməsi istiqamətində tədbirlər görürük. Eyni zamanda, fərdi ehtiyaclara uyğun sosial müdafiə və reabilitasiya sistemlərini inkişaf etdirməyə davam edirik”
Deputat eyni zamanda mövcud çətinliklərin də olduğunu qeyd edərək infrastruktur maneələrini, məhdud məşğulluq imkanlarını və cəmiyyətdə mövcud stereotipləri tam inklüzivliyin təmin olunmasına hələ də mane olan faktorlar kimi diqqətə çatdırıb. Bu çətinliklərin aradan qaldırılması davamlı parlament fəaliyyəti, daha güclü icra mexanizmləri və vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq tələb edir.
Çıxışında Əminə Ağazadə inklüziv inkişaf təkcə qanunvericilik yolu ilə əldə olunmadığını, bunun üçün siyasi iradə, hesabatlılıq və davamlı dialoqun zəruriliyini xüsusi qeyd edib. Deputat əlavə olaraq Azərbaycan dövlətinin əlilliyi olan şəxslərin hüquqlarının və imkanlarının genişləndirilməsi istiqamətində səylərini davam etdirdiyini və bu sahədə təcrübəsini Parlamentlərarası İttifaq çərçivəsində bölüşməyə hazır olduğunu vurğulayıb.