Bu gün regionumuzda baş verən hadisələr bir daha göstərdi ki, müstəqil və güclü dövlət olmaq yalnız iqtisadi və hərbi güclə deyil, həm də prinsipial və ardıcıl siyasətlə mümkündür. Azərbaycanın dövlət mövqeyi illərdir dəyişməzdir: biz bütün qonşularımızla mehriban münasibətlər qurmaq istəyirik və heç bir ölkəyə qarşı Azərbaycan ərazisinin istifadə olunmasına imkan vermirik.
Buna baxmayaraq, Naxçıvan istiqamətində Azərbaycanın mülki obyektlərinin pilotsuz uçuş aparatları ilə hədəfə alınması təkcə ölkəmizə qarşı deyil, beynəlxalq hüquqa və regional sabitliyə qarşı yönəlmiş açıq bir təxribatdır. Mülki infrastrukturun, o cümlədən hava limanı və digər obyektlərin hədəf seçilməsi isə bu addımın nə qədər məsuliyyətsiz və təhlükəli olduğunu göstərir.
Təəssüf ki, bu ilk hadisə deyil. Azərbaycan diplomatik nümayəndəliyinə qarşı Tehranda törədilmiş terror aktı hələ də hamımızın yaddaşındadır. Həmin hadisə də bir daha göstərdi ki, dövlətlər arasında münasibətlərdə məsuliyyət və beynəlxalq öhdəliklərə hörmət həyati əhəmiyyət daşıyır. Azərbaycan o zaman da qəti mövqe nümayiş etdirdi və öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün addımları atdı.
Azərbaycan heç vaxt qonşu ölkələrə qarşı hərbi əməliyyatlarda iştirak etməyib və etməyəcək. Bu, həm siyasi mövqeyimizdir, həm də regionda sabitlik və sülh naminə tutduğumuz prinsipial xəttdir. Lakin eyni zamanda hər kəs bilməlidir ki, ölkəmizin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdid cavabsız qalmayacaq. Dövlətimizin və xalqımızın təhlükəsizliyini qorumaq Azərbaycan dövlətinin ən əsas vəzifəsidir.
Biz tarix boyu göstərmişik ki, səbrli və təmkinli davranırıq, amma eyni zamanda öz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün qətiyyətliyik. Azərbaycanın gücü onun dövlətinə və xalqına olan inamındadır.
Regionumuzun gələcəyi qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmalıdır. Lakin bu prinsipləri pozan hər bir addım yalnız gərginliyi artırır və region xalqlarına zərər verir.
Azərbaycan xalqı əmindir ki, istənilən təhdid qarşısında dövlətimizin iradəsi və gücü kifayət qədər möhkəmdir. Biz hər zaman sülh tərəfdarıyıq, lakin eyni zamanda öz dövlətimizin təhlükəsizliyini qorumağa tam hazırıq.
Dünyamız və bölgəmizdə sülhün və əmin-amanlığın bərqərar olması ən böyük diləyimizdir.
Tanrı xalqımızı və dövlətimizi qorusun!
Rəşad Mahmudov
Milli Məclisin deputatı