ADPU-da “Azərbaycan maarifçiliyində Şuşa şəhərinin rolu” adlı elmi-praktik konfrans keçirilib 

3 noyabr 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan maarifçiliyində Şuşa şəhərinin rolu” adlı elmi-praktik konfrans keçirilib. Universitetin rektoru professor Cəfər Cəfərov konfransı giriş sözü ilə açaraq 8 noyabr Zəfər günü və 9 noyabr Bayraq günü münasibəti ilə konfrans iştirakçılarını təbrik edib. Professor Cəfər Cəfərov bildirib ki, tarixən Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ilə bağlı bu tipli konfransların keçirilməsi olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Konfransda Azərbaycan tarixi kafedrasının müdiri dosent N.Əhmədova “Şuşa şəhəri Azərbaycanda dünyəvi təhsilin mərkəzi kimi” adlı məruzə ilə çıxış edərək, Şuşa şəhərində dünyəvi təhsil sistemi, Azərbaycanda dünyəvi təhsilin inkişafında Şuşa şəhərinin yeri və əhəmiyyəti kimi məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Prof. C.Mustafayev isə “Şuşa şəhəri tarix və müasirlik” adlı elmi məruzəsində Şuşa şəhərinin tarixi, memarlıq abidələri, işğal dönəmində erməni vandallarının tarixi və mədəni abidələrinə qarşı cinayətləri haqqında ətraflı məlumat verib. Dos. Z.Kərimov “Şuşa maarif məktəbinin yetirdiyi ictimai-siyasi xadimlər” adlı elmi məruzə ilə çıxış edərək, Şuşa şəhərinin ictimai-siyasi xadimləri, elm və təhsil nümayəndələrindən bəhs edib. Dos. E.Süleymanova “Orta əsrlərdə Alban xristian maarifçiliyi və Şuşa şəhəri” adlı elmi məruzəsində alban xristian məktəbinin tarixi, bu məktəbdə mövcud olan türkçülük ənənələri və bu ənənələrin inkişafı və formalaşmasında Şuşa şəhərinin yeri və əhəmiyyəti haqqında əhəmiyyətli məlumatları çatdırıb. Dos. Mübariz Ağalarlı “Azərbaycanın maarifçilik ənənələri və Şuşa şəhəri” adlı elmi məruzəsində islama qədərki və islamdan sonrakı dövrdə mövcud olan təhsil ənənələrinin tarixi qaynaqlar əsasında şərh edərək milli təhsil sisteminin formalaşmasında bu ənənələrin böyük rol oynadığını xüsusi ilə qeyd etmişdir. Konfrans tələbələrin Şuşa maarif sistemi ilə bağlı diskussiyaları ilə yekunlaşıb.