Ağdam yenidən Qarabağın incisi olacaq

"Təcavüzkar Ermənistanın beynəlxalq hüquq normalarını, işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmək barədə BMT-nin 4 qətnaməsini saya salmaması və münaqişəni sülh yolu ilə həll etməli olan ATƏT-in Minsk qrupunun ermənipərəst həmsədrlərinin tərəfkeşliyi digər 6 rayonumuzla yanaşı, Ağdamın da 27 il işğal altında qalması ilə nəticələndi. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Qəbul edilmiş sənəddə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Tariximizə qara hərflərlə yazılmış “23 iyul Ağdamın işğalı günü” ilə bağlı 27 il davam edən ağrı-acılar, göynərtili həsrətlər və sonsuz arzu-ümidlər artıq arxada qalıb". Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə,  2020-ci il sentyabrın 27-də düşmənin azğın hərbi təxribatına cavab olaraq si­lahlı qüvvələrimizin Qarabağ cəbhəsinin cənub və şərq cinahlarında apardığı 44 günlük sürətli və genişmiqyaslı hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonla­rı və Şuşa şəhərinin, Suqovuşan və Hadrut qəsəbələrinin, 300-dək digər yaşayış məntəqəsinin və bir sıra önəmli yüksəkliklərin təcavüzkar Ermənistanın işğalından azad edildi: "Açıq döyüş mey­danında Ermənistanın işğalçı ordusu, quldur hərbi birləşmələri darmadağın edilərək noyabrın 8-də Şuşa qələbəsi ilə diz çökdürüldü. 27 ildən bəri Azərbaycanın haqlı tələblərinə, beynəlxalq hüquq norma­larına məhəl qoymayan işğalçı ölkənin sərsəm hərbi-siyasi rəhbərliyi bu son sarsıdıcı zərbədən sonra yerdə qalan 3 rayonumuzu müqavimətsiz geri qaytar­mağa məcbur edildi. Qarabağın qeyrət qapısı sayılan Ağdam noyabrın 20-də Ali Baş Komandan İlham Əliyevin vurğuladı­ğı kimi, bir güllə atılmadan Azərbaycana təslim edildi. Bununla Ağdamın 27 il davam etmiş işğal tarixi də xalqımı­zın hədsiz sevinci, ağdamlıların yurd həsrətinin, doğma ocaq nisgilinin sona yetməsi ilə bitdi. Ağdamın 150 mindən artıq əhalisi, böyük varidatı, güclü sosial-iqtisadi potensialı və çoxəsrlik yüksək mədəni irsi olan bu rayonun başıpozuqluq nəticəsində düşmənin əlinə keçməsi Azərbaycan üçün ciddi itki idi. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çat­mışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən ki­çik qalalar tikirdilər. Zaman keçdikcə bu adın mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Həmin tikili uzaqdan diqqəti cəlb edən bəyaz görkəmi ilə gəlib-gedənlərə bələdçilik edib. Bu mənada, “ağdam” işıqlı, ağ ev deməkdir. Ermənistan silahlı qüvvələrinin Ağ­dam rayonunu işğal ertməsi və xaraba­zara çevirməsi ilə bağlı rəsmi statistika təsdiq olunmuş, Birləşmiş Millətlər Təşkilatından tutmuş digər önəmli beynəlxalq qurumlara ünvanlanmış, dün­ya ictimaiyyətinin geniş dairələrində ya­yılmış bəyanat və müraciətlərdə Ağdam faciəsinin qanlı və dağıdıcı nəticələri əksini tapmışdır.
 Nəhayət, 27 ildən sonra Ağdamın işğal günü tarixini böyük qələbəmizdən doğan sevinc və qurur duyğuları ilə qar­şılayırıq. Möhtəşəm Qarabağ zəfərinin öyünclü səhifəsi olan Ağdamın işğaldan azad edilməsi qəhrəman Azərbaycan Ordusunun strateji bölgələrdə Ermənistanın işğalçı hərbi qüvvələrini biabırcasına məğlub etməsi ilə müm­kün oldu. Ağdamın azad edilməsi düşmənin döyüşləri davam etdirməyə qadir olmamasının təsdiqi oldu. Bu, düşmən üzərində ikiqat– həm döyüşlə, həm də döyüşsüz qalib gəlməyin parlaq göstəricisi kimi tarixə yazıldı".

Deputat bildirib ki, Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi: "Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Lakin Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik.Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək".