ANA VƏTƏN PARTİYASININ BƏYANATI

1992-ci il fevralın 26-da Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı XX əsrin ən ağır və qanlı cinayətlərindən biri kimi tarixə həkk olunmuşdur. Erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən soyqırım nəticəsində 613 nəfər dinc sakin, qadınlar, uşaqlar və yaşlı insanlar amansızcasına qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin salınmışdır. Xocalı faciəsi beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlığa qarşı yönəlmiş ağır cinayətdir.

Dövlətimizin, xüsusilə Heydər Əliyev fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən ardıcıl fəaliyyətə baxmayaraq, içərisində qadın, uşaq və yaşlı insanların olduğu 613 nəfər günahsız mülki əhalinin barbarcasına qətlə yetirilməsi, təəssüflər olsun ki, hələ də Beynəlxalq səviyyədə soyqırım kimi tanınmır. Xocalı soyqırımına beynəlxalq səviyyədə lazımi hüquqi-siyasi qiymətin verilməməsi, insanlığa qarşı törədilmiş bəşəri cinayətə göz yumulması kimi dəyərləndirilir. 

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti həm diplomatik müstəvidə, həm də hərbi-siyasi sahədə prinsipial mövqe nümayiş etdirmiş, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu Zəfər işğala son qoyulmasının, tarixi ədalətin bərqərar edilməsinin və şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur.

İşğal dövründə Azərbaycan torpaqlarında törədilmiş vandalizm aktları, dağıdılmış şəhər və kəndlər, məhv edilmiş tarixi-mədəni abidələr, talan olunmuş məscidlər və qəbiristanlıqlar erməni işğal siyasətinin mahiyyətini bir daha dünyaya göstərmişdir.

Bu faktlar beynəlxalq ictimaiyyətin obyektiv mövqe sərgiləməsinin nə qədər vacib olduğunu ortaya qoyur.

Ana Vətən Partiyası ermənilərin törətdiyi vəhşilikləri qətiyyətlə qınayır və Beynəlxalq təşkilatları, tərəqqipərvər bəşəriyyəti erməni silahlı qüvvələri və terror təşkilatlarının törətdiyi Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə səsləyir.

Ana Vətən Partiyasının İdarə Heyəti

26 Fevral 2026-cı il.