Aqiyə Naxçıvanlı: “Azərbaycanın ən mötəbər beynəlxalq təşkilatlarda effektiv fəaliyyəti vardır”

Azərbaycan Prezidenti İlham Əliyevin cari il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət alması Azərbaycanın islam ölkələri ilə əlaqələrin genişləndirilməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində göstərdiyi fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Mötəbər Sammitdə çıxış edən dövlətimizin başçısı da qeyd edib ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında mövcud olan möhkəm birliyi nümayiş etdirir.

Sabahinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin səfər çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi, həmçinin Sammitdəki çıxışında həm Azərbaycanın, həm də Əlcəzairin uzun illər ərzində işğaldan əziyyət çəkən ölkələr olduğunu vurğulaması dövlətimizin başçısının bu kimi məsələlərə qarşı son dərəcə həssaslığını, hər zaman yalnız ədalətli mövqelərdən çıxış etdiyini bir daha isbatladı: “Əlcəzair və Azərbaycan xalqlarının tarixlərində, talelərində oxşar cəhətlərdən biri də hər iki xalqın uzun illər yadelli işğaldan əziyyət çəkməsidir. Çox maraqlıdır ki, Azərbaycan torpaqları 30 il erməni işğalı altında qaldığı halda, ermənilərin bütün dünyada ən əsas himayədarı hesab olunan Fransa dövləti də yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Ölkə öz müstəqilliyinə qovuşandan sonra paytaxt Əlcəzairdə Fransa işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunan memorial kompleks yaradılıb. Əlcəzairə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər abidəsi və Milli Mücahidlər Muzeyindən ibarət bu kompleksi ziyarət edib, eləcə də Sammitdə etdiyi çıxışında bu dəhşətli faciəyə kəskin münasibətini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Bu gün dünya bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın da Əlcəzair kimi, uzun illər işğaldan əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik”.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam həmrəyliyi işinə hər zaman böyük töhfələr verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilib. Bununla yanaşı Azərbaycanın digər beynəlxalq təşkilatlarda da kifayət qədər effektiv fəaliyyəti var. O cümlədən ölkəmiz hazırda Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. Məlum olduğu kimi, 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirib, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış edib. Bütün bunlar Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına təkan verib. Azərbaycan təşkilata bütün üzv dövlətlərin yekdil səsi ilə sədr seçilib. Bu da ölkəmizin mövqeyinə və dövlətimizin siyasətinə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Həmçinin Azərbaycanın sədrliyinin bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılması da ölkəmizə olan etimad və rəğbətin bariz göstəricisidir. Öz çıxışında Azərbaycan Prezident İlham Əliyevin dediyi kimi, Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə çox yaxşı münasibətləri var və yaxın gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq”, - deyə Aqiyə Naxçıvanlı qeyd edib.