Aqiyə Naxçıvanlı: "Milli Koordinatorun hesabatı kifayət qədər əhatəlidir"

Milli Məcisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlının Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Hörmətli Sədr!

Hörmətli Seyfulla müəllim! Hörmətli həmkarlar!

Hesabata münasibət bildirməzdən əvvəl Milli Koordinator, hörmətli Seyfulla müəllimin burada olmağından istifadə edərək demək istərdim ki, Vətən müharibəsi ərəfəsində həm ön cəbhədə həmdə arxa cəbhədə, xüsusilə dünyanı öz ağuşuna alan pandemiyanın yaratdığı bu çətin şəraitdə dövlətimizin, xalqımızın keşiyində olduqlarına və xüsusi fəaliyyətlərinə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürümü bildirirəm.

2006-cı ildə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator institutunun yaradılmasından sonra ölkəmizdə insan alverinin ən müxtəlif təzahürlərinə qarşı mübarizə geniş vüsət almışdır. Milli Koordinatorun insan alverinə qarşı mübarizəyə dair məlumatından da göründüyü kimi həyata keçirilmiş işlər kifayət qədər çoxşaxəli olmuşdur. 2020-ci ildə insan alverinə qarşı mübarizədə əsas diqqət cinayət təqibinin və qanunvericiliyin təkmilləşdirilməsinə, məcburi əməyin qarşısının alınmasına, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın və idarələrarası əlaqələrin möhkəmləndirilməsinə, maarifləndirmə və məlumatlandırma işinin əhatəsinin genişləndirilməsinə yönəldilmişdir. Təbii ki, məruzədə qeyd olunduğu kimi il ərzində koronovirus infeksiyası ilə bağlı ölkəmizdə tətbiq edilən məhdudiyyətlər insan alveri ilə mübarizədə planlaşdırılan maarifləndirmə tədbirlərinin, hüquq - mühafizə və digər dövlət orqanlarının işçiləri üçün təlimlərin tam keçirilməsini istisna etmişdir. Ancaq qeyd etməliyəm ki, hesabatda insan alverinə qarşı mübarizədə statistikanın əvvəlki illərlə müqayisəli cədvəllərlə təsvir olunması da təqdirəlayiqdir.

Hormətli Seyfulla müəllim!

Bildiyimiz kimi cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Parlament “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanun qəbul etmişdir. Qanunun əsas məqsədi müasir dünyada sərhədsiz şəkildə yayımlanan zərərli informasiyalardan uşaq və yeniyetmələri qorumaq, onların sağlamlığına və inkişafına vuracaq ziyan və təhlükənin qarşısını almaqdır. Bilirsiniz ki, “təhlükəsiz internet” problemi artıq bütün dünyanı düşündürür. Xüsusilə, təcrübəsi, informasiyası az olan, düşünmək qabiliyyəti o qədər də yetkin olmayan uşaqlara qaşı virtual aləmdə zorakılıq əlamətləri geniş yayılmaqdadır. Daxili İşlər Nazirliyinin Uşaqların zorakılıqdan müdafəsi, uşaqların internet təhlükəsizliyi, Uşaq hquqlarının qorunması, erkən evlilik, uşaqların istismarı ilə bağlı apardığı profilaktik tədbirlər və onların müsbət nəticələri ilə bağlı məlumatları təqdirəlayiq hesab edirəm. Ancaq eyni zamanda, təklif edirəm ki, uşaq zorakılığının və əməyinin istismarının qarşısının alınmasında həm maarifləndirici həm də nəzarət mexanizmi gücləndirilsin. Çünki bu

istiqamətdə icrası tələb olunan yetərincə qanunvericilik aktlarımız vardır. Fikrimcə bu qanunların icrası ilə bağlı nəzarət mexanizmləri gücləndirilməli, mütəmadi monitorinqlər təşkil olunmalıdır. Maarifləndirmə işləri də burada xüsusi rol oynayır. Hesabatınızda qeyd etdiyiniz kimi, təbliğat işlərinə Kütləvi İnformasiya Vasitələrini və Qeyri Hökumət Təşkilatlarını cəlb etməyiniz, düşünürəm ki, müsbət yanaşmadır və bu daha effektiv nəticələr verəcəkdir.

Bir sözlə, Milli Koordinatorun illik məlumatı ilə ətraflı tanışam və hesab edirəm ki, illik məlumat kifayət qədər əhatəlidir. Dövlətimizin bu sahədəki fəaliyyətinin səmərələliyini bir daha təsdiq edir. Mən illik məlumatı qənatətbəxş hesab edirəm və səsə qoyularaq qəbul edilməsini təklif edirəm.

Diqqətinizə görə minnətdaram.