Armen Sarkisyan: sükansız avtomobilin sürücüsü

Ermənistanın sonu görünməyən daxili didişmələrlə müşaiyət olunan siyasi həyatında daha bir yenilik var. Prezident istefa verib. Siyasi partiya təmsilçilərinin və siyasi şərhçilərin həvəslə müzakirə etdiyi bu istefanın bu qədər canlanma yaratması özü təəccüblüdür. Çünki onsuz da Armen Sarkisyanın nəyin və kimin prezidenti olması o qədər də yaxşı anlaşılan məsələ deyildi. Elə istefa səbəbini açıqlayarkən Armen Sarkisyan özü də əlində heç bir səlahiyyətin olmadığı üçün ölkədə baş verən hadisələrə heç bir real təsir gücündə olmadığını əsas gətirib. Amma heç şübhə yoxdur ki, prezident kreslosuna əyləşdirmək ərəfəsində o zamankı hakimiyyət onun marionet olacağını ona demişdi. Alimliyi və elmi titulları ilə tez-tez öyünən Armen Sarkisyan sükanı olmayan avtomobilin ona sürmək üçün yox, sadəcə balaca uşaqlar kimi sürdüyünü imitasiya etmək üçün verildiyini anlamamış deyildi. Üstəlik heç şübhə yoxdur ki, bu sövdələşmənin əvvəlində Sarkisyanın prezident rolunu hansı “səlahiyyətlər” çərçivəsində və necə oynayacağı ona Serj Sarqsyan tərəfindən ətraflı izah olunmuş və o da mövcud olmayan səlahiyyətlərə razı olaraq bu vəzifəyə təyin olunmuşdu. Amma hadisələr onun və onu bu kresloya oturdanların istəyindən fərqli istiqamətdə cərəyan etdi və ötən 4 il ərzində alim-prezident qarşısına çıxan heç bir sualın cavabını tapa bilmədi. Məsələn, bədahətən qarşısına çıxmış 44 günlük müharibə “rejissorları” tərəfindən ona verilmiş ssenaridə yox idi və ona görə də müharibə dövründə atdığı bütün addımlar tamaşanın gedişində səbatsız bir aktyorun uğursuz improvizasiyalarını xatırladırdı. 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə Nikol Paşinyanın xalqdan “polad mandat” qazanması isə Armen Sarkisyanın sükansız avtomobilinin təkərlərini də sıradan çıxardı. Vəziyyət daha da mürəkkəbləşdi. İndi Armen Sarkisyan ona verilmiş sükansız avtomobili həm də təkərsiz irəlilətməli idi.

Müharibədə ağır məğlubiyyətdən sonrakı ilk aylarda Armen Sarkisyan yeni vəziyyətdən yararlanmaqla ölkənin idarəçiliyini ələ keçirməyə gizli cəhdlər də edirdi. Bunu onun yeni hakimiyyətlə yeni müxalifət arasında qızışan qarşıdurmalar zamanı ehtiyatlı və ikimənalı davranışlarından da sezmək olurdu. Xüsusilə, hakimiyyətə qarşı ultimatumla çıxış etmiş Baş Qərargah rəisi Onik Qasparyanla Paşinyan arasında yaşanan qarşıdurma zamanı məhz hərbiçilərin mövqeyini dəstəkləyərək baş nazirin istefasında maraqlı olduğunu açıq-aşkar özünü büruza verdi. Lakin Paşinyan tərəfdarlarının ikinci dəfə seçki yolu ilə hakimiyyətə gəlməsi yeni müxalifət kimi, onların təyin etdiyi köhnə prezidenti də məyus etdi. Siyasi qəsdin baş tutmadığını görəndə taleyi ilə barışıb daha əlverişli fürsəti gözləməyə qərar verən Sarkisyan imic uğrunda fəaliyyətə başladı. Gələcəyin nə göstərəcəyini gözləmək ümidi ilə dünyanın müxtəlif bölgələrində “ekologiya”, “sənaye inqilabı” və s. bu kimi dəbdə olan mövzular üzrə keçirilən bir sıra beynəlxalq tədbirlərə qatılmaqla özünüreklam əməliyyatına başladı. Amma o zaman Armen Sarkisyan hələ özündən daha hiyləgərinə rast gəldiyini başa düşmürdü.

Baş nazir Paşinyan hələ müharibə şokundan özünə gəlməmiş xalqdan ikinci dəfə mandat aldıqdan sonra həm müxalifətə, həm də vaxtilə onların təyin etdiyi prezidentə heç bir məhəl qoymadan hakimiyyətdə öz yerini möhkəmləndirməyə başladı. Məşhur Facebook mühazirələrində bütün planlarını xalqla bölüşən və prezidentin mövcudluğunu belə xalqa unutduran baş nazir əlaltdan real hakimiyyətə yiyələnməyə can atan prezidenti qısa bir müddətdə oyundan kənar vəziyyətə sala bildi. Armen Sarkisyan xarici ölkələrdə verdiyi müsahibələrlə nə qədər mələk obrazına girməyə çalışsa da nə ölkə daxilində, nə də diaspora qarşısında güvən qazana bildi. Beləliklə, uğursuz müharibə dövründə və qalmaqallı post-müharibə dövründə real hakimiyyətə apara biləcək bütün yollar birdəfəlik bağlandı.

Armen Sarkisyan özünün dediyi kimi, riyaziyyatçı fizikdir və hadisələrə qarşılıqlı təsir mexanizmi üzrə gücün artıb-azalması məntiqi ilə baxır. Siyasi müsahibələrində yeri gəldi-gəlmədi müasir elmi dairələrdə dəbdə olan “kvant mexanikası” ifadəsini işlədən Sarkisyana özünün uğursuz bir siyasətçi olduğunu anlamaq üçün düz 4 il lazım gəldi. Ölkənin və xalqın taleyi ilə bağlı hökümətin qəbul etdiyi və ya qəbul etmək istədiyi ən ciddi qərarları yalnız mətbuatdan oxuyub bilən prezident nəhayət ki, özünün “arabanın 5-ci təkəri” olduğunu anladı. Adətən özünü olduğundan daha yüksək qiymətləndirməyi sevən Armen Sarkisyan üçün bunu anlamağın özü də böyük nailiyyətdir.

Əslində, Paşinyan hərəkatının timsalında öz hakimiyyətini seçmiş erməniləri prezident kreslosunda kimin oturması heç maraqlandırmır. Seçicilər real hakimiyyətin məhz onların mandat verdiyi şəxsin əlində olduğunu yaxşı bilirlər. Amma bu istefa Ermənistanda heç də hamını qane etmir. Onun bu vəzifədə oturmağını və siyasi revanş üçün lazımi anda Paşinyana arxadan zərbə vurmağını istəyən köhnə hakimiyyət təmsilçiləri Sarkisyanın dönüklüyündən narazılıq edirlər. Vaxtilə onu tərifləyə-tərifləyə hakimiyyət kürsüsünə oturdan Koçaryan və Sarqsyan tərəfdarları indi “ölkənin dar günündə məsuliyyətdən yaxa qurtarmaq üçün mübarizədən qaçdığını”, “Paşinyan hökümətinin Türkiyə və Azərbaycanla razılaşacağı sənədlərə imza atmaqdan imtina etməyə cəsarəti çatmadığını” deyərək Armen Sarkisyanın kölgəsini qılınclaylırlar. Amma kimin – Sarkisyanın yoxsa onun keçmiş sahiblərinin daha ağıllı (oxu: hiyləgər) olduğunu demək çətindir. Bəlkə siyasi karyerasının daşa dirəndiyinə əmin olan oyuncaq prezident doğrudan da həyatının qalan hissəsini vətəndaşı olduğu Karib adalarında sakit həyat sürməklə yaşamaq istəyir. Amma bəlkə də bu istefanın Sarkisyanın özündən başqa heç kimin bilmədiyi digər səbəbləri var. Məsələn, istefadan sonra Sarkisyanın real hakimiyyət uğrunda mübarizə aparmaq üçün yeni libasda və yeni imiclə Ermənistan siyasi həyatına yenidən zühur etməyəcəyinə kim zəmanət verə bilər. Təəccüblüdür? – Əsla yox. Unutmayın, Armen Sarkisyan yalnız prezident vəzifəsindən istefa verib, ermənilikdən yox. Ermənilikdə isə utanc hissi kimi təəccüb hissi də ümumiyyətlə yoxdur. Əgər Rusiyanın əyalət ali məktəblərindən birində dosent işləyən erməni alimi ermənilərin Yer üzünə “Sirius ekzoplanetindən gəlmiş ilk insanlar” olduğunu iddia edirsə, digər bir alimin – Armen Sarkisyanın da bir daha real siyasi hakimiyyətə iddia etməsi heç təəccüblü olmaz.

Cavanşir Feyziyev

25 yanvar 2022.