İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə qarşı həyata keçirilmiş dron hücumu regionda gərginliyi artırmağa yönəlmiş riyakarlığın təzahürüdür. Mülki infrastrukturu, dinc vətəndaşların istifadə etdiyi obyektləri hədəfə almaq beynəlxalq hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, insan həyatına qarşı yönəlmiş vəhşilikdir. Azərbaycan dövləti bütün dövrlərdə qonşuluq münasibətlərinə hörmətlə yanaşıb, qarşılıqlı etimad və əməkdaşlıq prinsipinə sadiq qalıb. Azərbaycanın ərazisindən heç bir ölkə üçün təhlükə olmayıb və bu gün də yoxdur. Əksinə, Azərbaycan həmişə humanist və məsuliyyətli mövqe nümayiş etdirərək regionda sabitliyin qorunmasına töhfə verib.Bunun fonunda Naxçıvana qarşı belə bir hücumun həyata keçirilməsi xain İran rejiminin regionda apardığı təxribatçı siyasətin növbəti nümunəsidir. Bu, acizliyin və qorxaqlığın göstəricisidir.Azərbaycan xalqı tarix boyu müxtəlif təxribatlarla üzləşib, lakin hər dəfə milli birlik və dövlət iradəsi sayəsində bu sınaqlardan daha güclü çıxıb. Bu gün də ölkəmiz öz təhlükəsizliyini və vətəndaşlarının həyatını qorumaq üçün bütün imkanlara malikdir.Cənubi Azərbaycanda yaşayan 30 milyondan artıq soydaşlarımız uzun müddətdir ki, ana dilində təhsil, fundamental haqlardan məhrum olublar. Azərbaycanlıların təqib olunması, milli kimliyin sıxışdırılması və hüquqların məhdudlaşdırılması beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır.Tarix göstərir ki, heç bir zülm və ədalətsizlik əbədi olmur. Xalqların iradəsi və azadlıq istəyi hər zaman qalib gəlir. Harada yaşamasından asılı olmayaraq azərbaycanlılar bir millətin ayrılmaz parçasıdır və onların milli kimliyini, dilini və ləyaqətini qorumaq haqqı var.Regionda sabitliyin qorunması qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və xalqların fundamental hüquqlarına riayət edilməsinə əsaslana bilər. Azərbaycan ona qarşı yönəlmiş hər hansı təxribata və təhdidə qətiyyətlə cavab vermək iradəsinə malikdir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri