May ayı ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xarici səfərlərinin xronologiyası onu deməyə əsas verir ki, Azərbaycanın yürütdüyü xarici siyasət öz müsbət nəticəsini verir və əməkdaşlıqların dərinləşməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfər etməsi də Azərbaycan Macarıstan münasibətlərində yeni səhifə açacaq. Səfər zamanı bir sıra məsələlərin müzakirəsi, əldə olunan razılaşmalar da əməkdaşlıq platformasında xüsusi əhəmiyyətə malikdir.
Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarında bir daha diqqəti iki ölkənin bütün sahələrdə mövcud əlaqələrinə yönəltdilər. “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub” bildirən Viktor Orban onu da əlavə etdi ki, tarixdə ilk dəfədir Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər.
Azərbaycan Macarıstan münasibətlərinin tarixi keçmişi, siyasi əlaqələrin fonunda dərinləşən enerji əməkdaşlığı ümumi Avropanın enerji təhlükəsizliyində mühüm faktordur. Qeyd etmək lazımdır ki, Macarıstan şirkətləri ölkəmizin əsas neft və qaz layihələrində iştirak edir və yaxın gələcəkdə bu istiqamətdə yeni müqavilələrin imzalanması gözlənilir. Artıq Azərbaycan Macarıstana təbii qaz ixracına başlayıb və bu sahədə əməkdaşlıq sürətlə genişlənməkdədir. Enerji təhlükəsizliyi məsələlərinin Avropa gündəmində prioritet təşkil etdiyi bir dövrdə Azərbaycanın etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi çıxış etməsi Macarıstan üçün strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı qaz təchizatında şaxələndirməni təşviq edir və bu istiqamətdə Macarıslanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları, güclü nəqliyyat infrastrukturu və geniş beynəlxalq enerji şəbəkəsinə inteqrasiyası Macarıstana təbii qaz ixracının həcmini tədricən artırmağa real imkanlar yaradır. Həmçinin bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin Avropa üçün strateji rolunu bir daha təsdiqləyir və dövlətimizin enerji strategiyasının əsas elementlərindən biri kimi Avropa bazarlarında iştirakını möhkəmləndirir. Beləliklə, enerji sahəsindəki bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan da xüsusi önəm daşıyır. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası tərəfindən Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi tanınır. Azərbaycan və Macarıstan yaşıl enerji sahəsində də fəal əməkdaşlıq edir. Ölkəmiz yaxın beş ildə 6 min meqavat gücündə yaşıl enerji istehsalı planlaşdırır ki, bu da təxminən 3-4 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu resursların əsas ixrac istiqamətləri sırasında Macarıstan da yer alır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı