Bu gün Laçının işğaldan azad olunmasından 5 il keçir.
Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin nəticəsi olaraq 3 şəhərimiz güllə atılmadan geri qaytarıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ağdam və Kəlbəcərlə yanaşı, müharibəsiz geri qaytarılan üçüncü şəhər də Laçın idi.
Laçın 1 dekabr 2020-ci ildə yenidən Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla da 30 ilə yaxın davam edən həsrət sona çatdı. Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Laçın rayonun işğaldan azad edilməsi milli ruhun yüksəlişi, xalq-ordu-lider birliyinin simvolu və vətən sevgisinin təntənəsidir:
“İgidlər oylağı kimi şöhrət qazanmış Laçın rayonu qədim tarixi, əsrarəngiz flora və faunası, sıx meşələri, sıldırım qayaları və saf bulaqları ilə Azərbaycan təbiətinin şah əsəridir. Qafqazın ən nadir gözəlliklərini özündə cəmləşdirən Laçın rayonu sanki yaradılışın ən uca məqamında formalaşmış bir sənət əsəridir.
Təbiət gözəllikləri ilə yanaşı, Laçın rayonu coğrafi mövqeyi ilə ölkəmiz üçün hər daim strateji əhəmiyyət kəsb edib. Bu əzəmətli diyar bizlərin daha bir qan yaddaşına, Qərbi Azərbaycanımıza açılan qapıdır”.
Millət vəkili xatırladıb ki, ötən əsrin sonuncu on illiyində xarici havadarlarının dəstəyi ilə Ermənistan öz çirkin niyyətini reallaşdırmağa, Azərbaycan torpaqlarını işğal etməyə başladı:
“Haylar miflərdən ibarət qondarma “Miatsum” ideyası əsasında minlərlə soydaşımızı qətlə yetirdi, ölkəmizə qarşı siyasi, iqtisadi və mənəvi terror həyata keçirdi. Ölkədəki siyasi istiqrarsızlıqdan və hakimiyyət çəkişmələri səbəbindən müdafiəsiz qalan Laçın rayonu 1992-ci ildə düşmən vandalizminin növbəti qurbanı oldu.
Ermənilər üçün Laçın rayonunu işğal edib eyni adlı dəhlizə nəzarət etmək hava və su qədər gərəkli idi. Çünki bu strateji rayon növbəti işğallar üçün bir logistik mərkəz funksiyasını daşıyırdı. İşğal müddətində ermənilər Laçının bütün infrastrukturunu talan etdilər, yaşayış məntəqələrini dağıtmış və təbi sərvətlərimizi mənimsədilər. Azərbaycan xalqı 28 il Laçının həsrətilə yaşadı və bu yerlərin yenidən səadətə qovuşacağına olan inamı itirmədi. Bu inamın gerçəyə çevrildiyi gün isə 2020-ci ilin 1 dekabr tarixi oldu”.
Günay Ağamalı vurğulayıb ki, Ermənistanın 10 noyabrda kapituliyasiya aktına imza atması ilə rayon bir güllə atmadan işğaldan, işğalçılardan təmizləndi:
“Bu qələbə möhtərəm, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin, uzaqgörənliyinin təzahürü idi. Laçın rayonunda dalğalanan üçrəngli, şanlı, müzəffər bayrağımız məhz ilahi ədalətin simvoldur. Fəxr hissi ilə qeyd edirəm ki, bu gün Laçın rayonu yenidən öz qızıl çağını yaşayır.
Böyük Qayıdışın sədası rayon üzərində günəş kimi parıldayır. Yeni infrastruktur layihələrinin, evlərin, məktəblərin, xəstəxanaların, istirahət mərkəzlərinin, yolların salınması Laçının yaralarını sarır. Ölkə başçımız cənab İlham Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan Laçın Beynəlxalq Hava Limanı Laçın rayonunun dünyaya açılan qapısıdır. Azadlığın mübarək, Laçın!”