Son bir həftədə Latviya və Ukrayna Prezidentlərinin, Çexiya Baş nazirinin ölkəmizə səfəri bir siyasi gerçəkliyi təsdiq etdi: Azərbaycan hər üç Avropa dövləti tərəfindən istər siyasi, istərsə də iqtisadi müstəvidə etibarlı tərəfdaş hesab olunur. Yüksəksəviyyəli qonaqların verdikləri bəyanatlar, imzalanmış sənədlər, keçirilən biznes-forumlar onu da təsbit etdi ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın Avrasiya coğrafiyası üçün açdığı iqtisadi imkanların strateji əhəmiyyəti əksər Avropa liderləri tərəfindən qəbul olunur və dəstəklənir.
Bu baxımdan, Çexiyanın Baş naziri Andrey Babişin aprelin 27-də Qəbələdə mətbuata bəyanatında səsləndirdiyi fikir xüsusi diqqət çəkir: “Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir”. Son bir həftədə avropalı liderlərin ölkəmizdə səsləndirdiyi bəyanatlar ona dəlalət edir ki, Azərbaycan onlar üçün təkcə enerji məsələsində deyil, həm də iqtisadiyyatın digər sahələrində, o cümlədən nəqliyyat,müdafiə sənayesi, bərpaolunan enerji, turizm, elm və təhsil sahələrində də cəlbedici tərəfdaşdır. Müştərək istehsal sahələrinin yaradılmasına və ölkəmizə sərmayə qoyuluşuna göstərilən maraq Azərbaycanın iqtisadi cəlbediciliyi ilə yanaşı, etibarlı tərəfdaş kimi qazandığı siyasi etimadın da göstəricisidir. Çexiya Hökumət başçısının nümayəndə heyətində müxtəlif istiqamətlər üzrə 50-yə qədər aparıcı şirkətin təmsil olunması elə bu gerçəkliyin təsdiqidir.
Prezident İlham Əliyevin Çexiya Baş nazirinin iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi bu fikir isə hazırkı mürəkkəb geosiyasi şəraitdə xarici tərəfdaşlara ünvanlanan xüsusi ismarıcdır: “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir... Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”.
Cənab Prezidentin bu diplomatik mesajının arxasında müasir dövrün siyasi cağırışları dayanır. Təəssüf ki, bəzən ayrı-ayrı aktorlar hətta strateji layihələrə qısamüddətli prizmadan yanaşır və bunu ağır geosiyasi şəraitin dəyişkən şərtləri ilə əsaslandırmağa çalışırlar. Lakin nəzərə almırlar ki, enerji əməkdaşlığına yatırılan böyük sərmayələrin özünü doğrultması üçün çox zaman onilliklər tələb olunur və ixracatçı yalnız bu halda iqtisadi rentabelliyə nail ola bilir. Azərbaycan Prezidenti məhz bu səbəbdən xarici tərəfdaşların diqqətinə növbəti dəfə çatdırdı ki, əməkdaşlığın dayanıqlığı və etibarlılıq əmsalı qarşılıqlı maraqların nəzərə alınmasından və qarşılıqlı güzəştlərdən birbaşa asılıdır. Ona görə də iqtisadi əməkdaşlıq istiqamətlərinin diversifikasiyası təhlükəli geosiyasi çağırışlara baxmayaraq, öhdəliklərinə sadiq qalan Azərbaycan kimi ölkələr üçün olduqca vacibdir. Azərbaycan Prezidentinin mesajı elə bu reallığa işarə idi.
Ülvi Quliyev
Milli Məclisin deputatı