Son illər İstanbulda Azərbaycan adını daşıyan bir çox dərnəyin adına “kültür” sözünün əlavə edildiyini müşahidə edirik. İlk baxışda bu, müsbət bir təşəbbüs kimi görünə bilər. Lakin zaman keçdikcə aydın olur ki, bu yanaşma çox zaman yalnız formal xarakter daşıyır və mədəniyyət anlayışının dərin məzmununu əhatə etmir.
Azərbaycanı layiqincə tanıtmaq — milli mətbəximiz, milli geyimimiz, milli rəqslərimiz, milli bayramlarımız, tariximiz, ədəbiyyatımız və incəsənətimizlə bütöv şəkildə təqdim etmək deməkdir. Mədəniyyət sadəcə tədbir keçirmək deyil, bu dəyərləri doğru, peşəkar, estetik və məsuliyyətli şəkildə cəmiyyətə çatdırmaqdır.
Təəssüf ki, son dövrlərdə bir çox tədbirlər “yetər ki olsun” yanaşması ilə, yalnız kütləvilik məqsədi güdülərək təşkil olunur. Bu isə keyfiyyətin, məzmunun və peşəkarlığın arxa planda qalmasına səbəb olur. Kütləvi tədbirlərin hazırlanmasında peşəkar rejissor yanaşması və konseptual planlama olduqca vacibdir. Əks halda tədbirlərimiz toyxana formatına, eyni simalarla təkrarlanan proqramlara, konfranslarımız isə “üzdən oxuma” səviyyəsində təqdimatlara çevrilir. Bu səbəbdən salonlar dolmur, iştirak isə yalnız şəxsi xahiş və dəvətlə təmin edilir. Ümumiyyətlə Azərbaycan dərnək sayı artıqlamasıyla yetər. Yeni Azərbaycan adı daşıyan dərnəyə gərək yoxdur sadəcə. Biz onsuzda birləşmədə çətinlik çəkirik, yeni Azərbaycan dərnəkləri bizi daha da parçalanmış hala gətirəcək. Nəticədə hamı rəhbər, dərnəkdə gerçək üzvlər olmayacaq. Bu durum həm mədəniyyətimizə, həm tanıdəlmasına böyük əngəl yaradır.
Bu vəziyyət təkcə bu günümüz üçün deyil, gələcək nəsillərin Azərbaycanı necə tanıyacağı baxımından da ciddi narahatlıq doğurur. Çünki doğru təqdim olunmayan mədəniyyət, zamanla yanlış təsəvvür formalaşdırır.
Bu səbəbdən bütün mədəni tədbirlərin hazırlanması və icrası prosesində mütəxəssislərdən ibarət nəzarət və dəyərləndirmə komissiyasının yaradılmasını zəruri hesab edirik. Bu komissiyanın rəsmi razılığı olmadan heç bir tədbirin keçirilməməsi, mədəni fəaliyyətlərin keyfiyyətini və məzmununu qorumaq baxımından mühüm addım olacaqdır.
Şəxsən bu nəzarət komissiyasına sədrlik etməyə hazır olduğumu bildirirəm. Bu, hər hansı şəxsi maraqdan deyil, mədəniyyətimizə, milli kimliyimizə və gələcək nəsillərə qarşı daşıdığım məsuliyyətdən irəli gəlir.
Bu problemlər ya vaxtında qaldırılıb aradan qaldırılacaq, ya da Azərbaycan adını daşıyan qurumlar bu adın mənəvi məsuliyyətini yenidən dəyərləndirməli olacaqlar. Çünki Azərbaycan adı sadəcə bir söz deyil — tarixdir, kimlikdir, məsuliyyətdir.
Hörmətlə Kəmalə Cabbarova
Xarıbülbül Azərbaycan Mədəniyyət Dərnəği ,
C.Cabbarlı ad.Türkiyə Azərbaycan Teatrı
Qurucu rəhbəri