Azərbaycan Universitetində Dünya Sosial İş Günü müxtəlif tədbirlərlə qeyd olunub. Birinci tədbir Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib və “Sosial iş - Sosial rifah” mövzusuna həsr olunub. İkinci tədbir isə Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubu tərəfindən təşkil olunub.
Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələrinin iştirak etdiyi “Sosial iş - Sosial rifah” adlı tədbiri giriş sözü ilə agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin aparıcı mütəxəssisi Ləman Bayramlı açıb. Günün tarixi və mahiyyəti haqqında məlumat verən qonaq qeyd edib ki, Sosial İşçilərin Beynəlxalq Federasiyası 1983-cü ildə hər il mart ayının üçüncü çərşənbə axşamını Dünya Sosial İş Günü kimi elan edib. Bu günün qeyd olunmasında əsas məqsəd sosial işçilərin cəmiyyətin inkişafına verdiyi töhfələri vurğulamaqdır. Hər il qlobal gündəliyin mövzularından birinə həsr olunan Dünya Sosial İş Günü bu il “Ümid və harmoniyanın birgə qurulması: bölünmüş cəmiyyəti birləşdirmək üçün “Harambi Çağırışı” şüarı altında qeyd olunur. “Harambi” ifadəsi Keniya Respublikasının milli dili olan suahili dilində “Hamı birləşsin”, “Hamımız birlikdə işləyək” kimi mənaları ifadə edir.
Ardınca departamentin böyük mütəxəssisi Musa Əmrahov agentliyin fəaliyyəti, sosial iş peşəsinin praktiki tərəfləri barədə danışıb. Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin fəaliyyətini real keyslərlə izah edib. Musa Əmrahov çıxışında dünyada baş verən hadisələr fonunda Sosial iş ixtisasının daha çox əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“Sossfera” klubunun təşkilatçılığı ilə keçirilən tədbir isə sosial iş ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı sosial keysin səhnələşdirilməsi ilə başlayıb. Səhnə vasitəsilə cəmiyyətdə mövcud olan sosial problemlər, həssas qrupların qarşılaşdığı çətinliklər və sosial işçilərin bu prosesdəki rolu nümayiş etdirilib.
Səhnənin ardından Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, kafedranın müəllimi, “Sossfera” klubunun təsisçisi Ayxan Şahbazsoy, klubun sədri Cansu Nəzərova, sosial işçi və təlimçilər Cəsur Mədətzadə və Emin Məmmədova söz verilib. Nigar Şahhüseynbəyova sosial işçilərin cəmiyyətin rifahının təmin edilməsində oynadığı rolu, Ayxan Şahbazsoy sosial layihələrin cəmiyyət üçün faydaları haqqında danışıb. Cansu Nəzərova sosial işçilərin insan həyatında yaratdığı müsbət dəyişikliklərin əhəmiyyətini vurğulayıb.
Cəsur Mədətzadə səhnələşdirilən keysə münasibət bildirib. O, qeyd edib ki, keys gənc sosial işçilərin nəzəri biliklərini praktikaya tətbiq etməsinə və cəmiyyətdə mövcud sosial problemlərin daha yaxşı anlaşılmasına xidmət edir. Həssas qrupların qarşılaşdığı çətinliklərin göstərilməsi ictimaiyyətin bu məsələlərə diqqətini artırır.
Tədbir Emin Məmmədovun iştirakçılarla sosial mövzuda interaktiv oyun keçirməsi ilə yekunlaşıb. Oyun zamanı iştirakçılar sosial problemlərə fərqli prizmadan yanaşmaq, empatiya qurmaq və sosial düşüncə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi