"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker

“Məlum olduğu kimi, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub”. 

Sabahinfo.az xəbər verir ki, parlamnetin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

“2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır. Bir neçə on il sonra isə pensiyada olan əhali ilə işləmək qabiliyyəti olan əhali arasında nisbətdə ciddi dəyişiklik olacaq. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əli müəllimin başçılığı ilə hökumət demoqrafik məsələlərə diqqəti artırmış olacaq”, - deyə vitse-spiker bildirib.

Ə.Əhmədov qeyd edib ki, təxminən 35-40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdan keçib: "Bu binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir. Bu binalarda yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmadığından hesab edirəm ki, hökumət həmin məsələyə müdaxilə etməsə, həmin liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda çox qısa bir vaxtda risklər yarana bilər. Xahiş edirəm ki, hökumət bu məsələnin vəsait tələb etməsinə baxmayaraq 5 illik və ya ola bilsin ki, 10 illik proqram çərçivəsində reallaşdırılması üçün addımlar atsın”.