Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların IX respublika elmi konfransı keçirilib. Konfransın işi informasiya-kommunikasiya texnologiyaları və tətbiqləri; humanitar elmlər; iqtisadiyyat; sosial elmlər və təbiət elmləri olmaqla 5 istiqamət üzrə təşkil olunub, bölmə iclaslarında 200-dən çox məruzə dinlənilib.
Tədbirin açılış mərasimində universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov giriş nitqi ilə çıxış edib. Prorektor konfrans iştirakçılarını universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva adından salamlayıb, tədbirin Elm şöbəsi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən birgə təşkil olunduğunu diqqətə çatdırıb. Yusif Qasımov qeyd edib ki, Azərbaycanda ziyalı, alim və tədqiqatçı olmaq bu gün böyük məsuliyyət tələb edir. Müasir, müstəqil, güclü və suveren Azərbaycan artıq öz ərazisinin hər qarışına tam nəzarəti təmin edib və bu şəraitdə ölkənin elmi ictimaiyyətinin üzərinə mühüm vəzifələr düşür. Prorektor konfrans iştirakçılarının bu məsuliyyəti müasir çağırışlar fonunda dərindən dərk etdiklərinə və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə inandığını vurğulayıb. Çıxışda bildirilib ki, tədbirin işində Qarabağ Universitetinin gənc tədqiqatçıları da fəal iştirak edirlər. Bu fakt göstərir ki, işğaldan azad olunmuş ərazilərdə elm və təhsil ənənələri də bərpa olunur. Qarabağ və Şərqi Zəngəzurda elm və təhsilin bayrağının da dalğalanması olduqca qürurverici hadisədir.
Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva konfransın 2018-ci ildən başlayaraq hər il keçirilərək ənənəvi hal aldığını diqqətə çatdırıb. O, qeyd edib ki, konfransa təqdim edilən tədqiqat işlərinin sayı ildən ilə artır, həmçinin coğrafi əhatə dairəsi genişlənir. Tədbir gənc tədqiqatçıların diqqətini cəlb edib və onlar üçün mühüm platformaya çevrilib. Nüşabə Quliyeva konfransın bölmə iclaslarında aparılan müzakirələrin gənc tədqiqatçıların elmi fəaliyyətinə mühüm töhfə olacağına inandığını bildirib və tədbirin işinə uğurlar arzulayıb.
Açılış mərasimində daha sonra konfransın qonaqları – Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bu ali məktəbin “İlin gənc alimi” müsabiqəsinin təbiət və texnika elmləri üzrə son 3 il ərzində ardıcıl olaraq qalibi Lalə Qəhrəmanlı, Xüsusi Tibb Xidməti Xüsusi Müalicə - Sağlamlıq Kompleksinin Lor cərrahı, tibb üzrə fəlsəfə doktoru Aydın Talışınskinin çıxışları dinlənilib. Qonaqlar ən yeni elmi nəticələrini təqdim edib, öz həyat hekayələrini tədbir iştirakçıları ilə bölüşüblər. Elm tarixindən maraqlı faktların təqdim olunduğu çıxışlarda bildirilib ki, peşəkar mütəxəssis kimi formalaşmaq səbr, əzm, davamlı zəhmət və məqsədyönlülük tələb edir. Hər bir ölkənin elmi göstəriciləri onun ümumi inkişaf səviyyəsinin və gələcək tərəqqisinin əsas ölçüsüdür. Elmi fəaliyyət prosesində qarşıya çıxan çətinliklər və səhvlər onları ruhdan salmamalıdır. Elmə, etik prinsiplərə, mənəvi dəyərlərə söykənən vətənpərvər və məsuliyyətli vətəndaşların yetişməsi ölkənin dünyada söz sahibi olmasına mühüm töhfə verə bilər.
Açılışın ardından konfransın işi 7 bölmə iclasında davam edib. Gənc tədqiqatçılar bölmə iclaslarında tarix, hüquq, filologiya, iqtisadiyyat, sosiologiya, tədris, mədəniyyət, təbiət və texniki elmlər kimi sahələrin aktual mövzularına həsr olunmuş məruzə və təqdimatlarla çıxış ediblər. Məruzə və təqdimatlar ətrafında aparılan müzakirələrdən sonra konfransın işinə yekun vurulub.
Qeyd edək ki, akademik və elmi baxımdan olduqca zəngin olan konfransın məqsədi Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif təhsil səviyyələrində təhsil alan, elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təqdim etməktir. Konfrans materialları pdf formatda universitetin saytında yerləşdirilib.
Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/conferences/genc_tedqiqatcilarin_doqquzuncu_respublika_elmi_konfransi_2026