Razi Nurullayev: Əlillik təyinatı prosesi vətəndaşlara çətinlik yaradır

Milli Məclisin deputatı Razi Nurullayev son dövrlərdə seçicilərlə görüşləri zamanı əksər vətəndaşların əlillik təyinatı ilə bağlı çətinliklərdən narahat olduqlarını bildirib.

Sabahinfo.az xəbər verir ki, deputat çıxışında xüsusilə ağır xəstə insanlar və müharibə veteranlarının bu prosesdə üzləşdikləri problemlərə diqqət çəkib.

Nurullayev qeyd edib ki, vətəndaşlar tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlərin edilməsi, elektron sistem vasitəsilə ərizələrin göndərilməsi və qərarların verilməsini uzun müddət gözləmək məcburiyyətində qalırlar. Bəzi hallarda isə qərarla razılaşmayan vətəndaşlar prosesi yenidən başlatmaq zorunda qalır.

Deputatın sözlərinə görə, bu prosedurlar həm fiziki, həm də psixoloji baxımdan artıq çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır. Xüsusilə müharibə veteranlarının əlillik dərəcəsinin müəyyən olunmasında uzun gözləmə müddətinə və qərarlarla bağlı suallara rast gəlinir.

Razi Nurullayev vurğulayıb ki, son illər sosial müdafiə sahəsində aparılan islahatlar, o cümlədən əlillik təyinatının elektronlaşdırılması şəffaflığın artırılmasına xidmət etsə də, praktiki olaraq proses hələ də vətəndaş üçün rahat və operativ deyil.

Deputat bu sahədə üç əsas məsələyə diqqət çəkib:

"Prosedurların daha sadə və vətəndaş yönümlü olması, müharibə veteranları və ağır xəstələr üçün sürətləndirilmiş mexanizmin tətbiqi, həmçinin vətəndaşın qərarla razılaşmadığı hallarda operativ və şəffaf apellyasiya mexanizminin təmin olunması".

“Əlillik məsələsinə yalnız texniki prosedur kimi deyil, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşmalıyıq. Dövlətin sosial siyasətinin əsas məqsədi ən çox ehtiyacı olan insanları qorumaqdır”, – deyə deputat əlavə edib.

Razi Nurullayev vurğulayıb ki, bu sahədə mövcud çətinlikləri aradan qaldırmaq həm vətəndaş məmnuniyyətini artıracaq, həm də sosial müdafiə sisteminə ictimai etimadı gücləndirəcək.