Azərbaycan Avropada etibarlı tərəfdaş kimi öz sözünü deyir

Müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi İtaliya ilə enerji sahəsində əməkdaşlıqda yeni səhifə açacaq. Azərbaycan-İtaliya münasibətləri bir sıra beynəlxalq layihələrin reallaşmasına vəsilə olub. Buna misal olaraq Cənub Qaz Dəhlizi və TAP layihələrini göstərə bilərik. Prezident İlham Əliyevin 2013-cü il oktyabrın 29-da “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 2014-cü il fevralın 25-də “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalanıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü dövlətimizin başçısı tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilib. Bu zamana kimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bir sıra toplantıları keçirilib.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Bu layihə özlüyündə XXI əsrin ən böyük layihəsi adlandırılıb. Dəyəri 33 milyard ABŞ dolları olan bu layihədə Avropanın aparıcı ölkələri təmsil olunur. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Avropada etibarlı tərəfdaş kimi öz sözünü deyir. Bütün bunlar isə həyata keçirilən uğurlu siyasətdən irəli gəlir.

Avropanın enerji resursları ilə təmin olunmasında Azərbaycanın rolunun artdığını vurğulayan İltizam Yusifov deyib: “2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edib. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var”.

İltizam Yusifov qeyd edib ki, ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Artıq həmin sənədin icrasına başlanıb. Anlaşma Memorandumu enerji bazarından Azərbaycanın yerini daha da möhkəmlədirəcək, eyni zamanda, bu sahədə olan tələbatın ödənilməsində Azərbaycanın imkanlarından istifadəni şərtləndirir.