“Azərbaycan dövləti hər zaman xaricdəki soydaşlarımızı dəstəkləyir”

“Dünyada yaşayan azərbaycanlıların müvəffəqiyyət  və uğurları, eyni zamanda Azərbaycanın uğurudur. Çünki onlar harada yaşamalarından asılı olmalayaq Azərbaycanı təmsil edirlər”. Bu fikirləri “sabahinfo.az”a Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.

Səadət Məhərrəmova deyib ki, Azərbaycan dövləti də hər zaman xaricdəki soydaşlarımızı dəstəkləyir və onlara arxa, dayaq durur: “Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında dövlətimizin xaricdəki soydaşlarımıza olan diqqətini bir daha bəyan etdi: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”. Buna cavab olaraq xaricdəki soyadaşlarımız da  “Biz, həmişə azərbaycanlayıq və azərbaycanlıyıq” deyərək Azərbaycanın sevincinə sevinir, kədrinə də kədərlənirlər”.

QHT sədri qeyd edib ki, Vətən müharibəsində Azərbaycan diasporu da böyük fəallıq göstərdi: “Xaricdəki soydaşlarımız erməni lobbisinə qarşı qətiyyətli mövqe nümyiş etdirdi. Hamıya göstərdik ki, Azərbaycan xalqı birlikdə hər hansısa bir işə qatıldıqda qələbəsi qaçılmaz olur. Bu, artıq göstərir ki, xaricdə Azərbaycan cəmiyyətləri, təşkilatları və icmaları formalaşıb və onlar ölkəmizin milli maraqları ətrafında birləşərək Azərbaycanı dəstəkləyirlər. Artıq xaricdə Azərbaycanla bağlı informasiya boşluğunun doldurulmasında böyük uğurlar əldə edilib. İnanırıq ki, diasporumuz bundan sonra da təbliğat müharibəsində daha da öndə getməyə çalışacaq və ölkəmizin haqq səsini dünyaya çatdıracaq”.

 

Sabahinfo.az