"Azərbaycan dövlətinin böyük qayıdışa hesablanmış strategiyası"

“Prezidentin işğaldan azad olunmuş torpaqlara hər bir səfəri yeniliklərlə müşaiyyət olunur. Əvvəl təməli qoyulmuş infrastruktur layihələrinin icrası yoxlanılır. Aparılan işlərin keyfiyyətinə nəzarət edilir. Yeni dövrə, həm də gələcəyə hesablanmış layihələrin təməli qoyulur. Bir çox infrastruktur layihələrin icrası başa çatdıqdan sonra istifadəyə verilir. Bütün bunları ilk növbədə Azərbaycan dövlətinin böyük qayıdışa hesablanmış strategiyasının tərkib hissəsi kimi qəbul etmək olar”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev ölkə başçısı İlham Əliyevin Zəngilan rayonuna səfəri ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, cənab Prezidentin və Birinci vitse-prezidentin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri onların iştirakı ilə keçirilən tədbirlər keçmiş məcburi köçkünlərimizi doğma yurd-yuvalarına daha da yaxınlaşdırır:

“Bu, birmənalıdır. Təbii ki, Zəngilan səfəri zamanı baş tutan tədbirlərin müəyyən hissəsi energetika ilə bağlı idi. Müasir dünyanı elektrik enerjisi olmadan təsəvvür etmək mümkün deyil. Gələcəkdə orada qurulacaq sənaye potensialının formalaşdırılması, əhalinin elektrik enerjisi ilə təchiz edilməsi, müasir dünyanın ən aktual problemlərindən olan dünyanın müxtəlif regionlarının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın potensialına istinad edilməsi istiqamətində iri addımlar atılır. Yeni su elektrik stansiyaları tikilir. Yaşıl enerji, alternativ və bərpa olunan enerjidən, təbii resurslardan istifadə edilməsi, gələcəkdə Avropa qitəsinin enerji təhlükəsizliyində daha geniş şəkildə təmsil olunmaq baxımından Azərbaycanın bütün imkanları var. Cənab Prezident çox haqlı olaraq ilk növbədə enerji təhlükəsizliyinə daha çox üstünlük verir. Orada yeni tikilən elektrostansiyalar, həyata keçirilən infrastruktur layihələri bizə gələcəkdə imkan verəcək ki, Azərbaycan iqtisadiyyatına daha çox sərmayə daxil olsun. Artıq elektrik enerjisini Türkiyə vasitəsilə Avropaya ixrac etmək imkanlarımız mümkünləşəcək”.

Nəsib Məhəməliyev vurğulayıb ki, Prezidentin Zəngilana səfəri çərçivəsində burada Beynəlxalq Hava Limanının açılışı gözlənilir:

“Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağ iqtisadi rayonunun ikinci bir qapısının dünyaya açılması deməkdir. Bu o deməkdir ki, onun həm siyasi, həm də rəmzi bir mənası var. Son dönəmlər regionda baş verən proseslər və cənub qonşumuzun 50 minlik qoşunla sərhədlərimizin yaxınlığında təlim keçməsi, İranın ayrı-ayrı yüksək vəzifəli hərbçilərinin təhdidlərlə dolu bəyanatları, Azərbaycana dost olmayan niyyətləri bizi daha da güclənməyə, daha da səfərbər olmağa sövq edir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq hava limanının açılışında iştirak eləməsi düşmən qüvvələrə verilmiş bir mesajdır. Ümumilikdə götürsək, işğaldan azad olunan regiona hər bir səfər quruculuq, abadlıq işləri ilə yanaşı, biz dünyaya göstəririk ki, 30 il ərzində həmin torpaqları cəhənnəmə çevirən erməni vandallarından fərqli olaraq Azərbaycan xalqı qurucu xalqdır. Azərbaycan dövləti qurucu, sülhsevər dövlətdir. Bizim bütün məramımız regionda dayanıqlı sülhün təmin olunmasına yönəlib. Biz qurub-yaradırıq, dağıtmırıq. Mədəniyyət formalaşdırırıq. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən bütün layihələr ən yüksək dünya standartlarına cavab verir. Dünya görmək istəməsə də, fərqinə varır ki, biz 30 illik işğal dönəminin erməni barbarlığının nəticələrini biz hansı yollarla aradan qaldırırıq. Ən əsası, yeni mədəniyyət formalaşdırırıq. Bu, insanlıq üçün də bir töhfədir”.