“Azərbaycan dövlətinin məqsədi Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsidir”

“Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımından Azərbaycan, Ermənistan və Rusiya dövlətlərinin liderlərinin növbəti Soçi görüşü mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.

Səadət Məhərrəmova deyib ki, 44 günlük Vətən müharibəsində dövlətimizin əldə etdiyi Zəfərlə Qarabağ münaqişəsi artıq tarixə qovuşdu: “Prezident İlham Əliyev dəfələrlə bunu beynəlxalq tribunlarda deyib. Oktyabrın 31-də Soçidə Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bir daha bu fikrini bəyan etdi: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik”. Cənab Prezident bu görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsini önə çəkib. Bu, hazırda Cənubi Qafqazda sülhün əldə olunması üçün ən əsas məsələdir. Çünki Ermənistan regionda işğalçı və terrorçu ölkə olaraq sülhə qarşı olan dövlətdir. Mütəmadi olaraq Ermənistan tərəfindən Azərbaycanla sərhəddə terror hadisələrinin törədilməsi bunu deməyə əsas verir”.

QHT sədri deyib ki, Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları üçtərəfli Bəyanatda da sülh müqaviləsinin bağlanmasının vacibliyi vurğulanıb: “Azərbaycan dövlətinin məqsədi Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsidir. Bunun üçün dövlətimiz daimi təşəbbüskarlıq edir”.