Azərbaycan dünyanın diqqət mərkəzindədir

Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyada və regionda Azərbaycana maraq artıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Güclü mövqeyə sahib olan dövlətimiz Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır.

Bunu AZƏRTAC-a acıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev deyib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verməklə yanaşı, mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrildiyini bildirib. Belə ki, Azərbaycanın bu mövqeyi Prezidentin bu həftə Qırğızıstan və Qazaxıstana səfərləri zamanı diqqət mərkəzində oldu. Hazırda fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat xətləri kommunikasiyalarımızı daha sıx birləşdirəcək. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Azərbaycanın təşviq etdiyi Zəngəzur dəhlizi Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək.

Deputat dövlətimizin başçısının Astanada “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı”nda çıxışı zamanı bu məsələyə xüsusi toxunduğunu diqqətə çatdırıb.

“Brüssel və Praqa görüşlərindən sonra Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində təmaslar göstərir ki, həm Qərb, həm də Şərqdə Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı birmənalı mövqeyi qəbul edilir. Bununla belə, biz son zamanlar Fransanın məkrli niyyətinin şahidi oluruq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yaxından iştirakı ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində önəmli addımlar atılan Brüssel formatını mənimsəməyə çalışan Fransa cidd-cəhdlə danışıqlar prosesinə qoşulmağa can atır. Amma 30 illik vasitəçilik dövründə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa münaqişənin həllinə heç bir töhfə verməyib, əksinə hər zaman ermənipərəst mövqe tutaraq erməni lobbisinin mənafeyi üçün çalışıb. Belə olan halda Fransanın bu niyyəti səmimi ola bilməz və bu, haqlı olaraq ölkə ictimaiyyətinin etirazına səbəb olur”, - deyə deputat vurğulayıb.

Emin Hacıyev bildirib ki, Praqa danışıqlarının yekununda qəbul olunan bəyanatda ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsinin əsas hesab olunması xüsusi önəm kəsb edir. Bütün bunlar göstərir ki, otuz il danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistanın artıq sülh sazişini imzalamaqdan başqa yolu yoxdur. Ermənistanın siyasi rəhbərliyi yeni reallıqlardan nə qədər tez dərs çıxararsa, regionda sülh və sabitlik bir o qədər tez bərqərar olacaq. Amma bütün bunlar heç də Ermənistanı Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin məsuliyyətindən kənarda qoya bilməz. Azərbaycanlılara qarşı bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törədən işğalçı dövlət cəzasız qalmamalıdır. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən çox sayda soydaşımızın işgəncələrlə öldürülərək basdırıldığı kütləvi məzarlıqlar bu gün üzə çıxmaqda davam edir. Şuşanın Daşaltı, Xocavəndin Edilli, Ağdamın Sırxavənd, Xocalının Fərrux kəndləri və digər ərazilərdə törədilən bu vəhşiliklər artıq sübuta yetirilib. Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərdə törədilən terror aktları isə Ermənistanın faşist mahiyyətinin göstəricisidir. Ermənilərin işğal dövründə ərazilərimizə basdırdığı minalar genişmiqyaslı bərpa prosesinə böyük çətinlik törədir.

“Mən bir daha bu faktları qeyd etməklə beynəlxalq ictimaiyyətə səslənirəm. Bu cinayətlərə göz yummaq cinayətkarla eyni məsuliyyəti bölüşmək deməkdir”, - deyə Emin Hacıyev əlavə edib.