"Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun hava məkanının təhlükəsizliyini təmin etmək gücünə malikdir" 

"Bu gün 30 il ərzində səbirsizliklə gözlədiyimiz tarixi ana, Zəngilan Beynəlxalq Hava Limanının açılışına şahidlik etdik".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat Cavanşir Paşazadə vurğulayıb ki, Zəngilan Hava Limanının ilk qonağının qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan olması ayrı bir qürurdu:

"Bu gün iki qardaş ölkənin başçılarının iştirakı ilə Zəngilan Hava Limanın açılışı baş tutdu. Zəngilanın işğaldan azad olunmasının 2-ci ildönümündə iki qardaş ölkənin dövlət başçılarının iştirak etməsi dünyaya qardaşlıq və dostluq məsajı verdi. Zəngilan Beynəlxalq Hava Limanı 44 günük Vətən müharibəsindən sonra açılan ikinci beynəlxalq hava limanıdır. 2021-ci ilin fevralında cənab Prezident İlham Əliyev söyləmişdi ki, Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması planları nəzərə alınmaqla rayonda beynəlxalq aeroport tikiləcək. Bu gün biz 30 il həsrətində olduğumuz qürurlu anları yaşadıq. Bu gözəl hissləri bizə yaşatdığı üçün Ali Baş Komandana, şəhidlərə və qazilərimizə təşəkkür edirəm".

Deputat qeyd edib ki, hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır:

"Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometrdir. Hava limanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə biləcək. Ən önəmlisi isə, bu gün dünyanın Şərqi Zəngəzura qapısı açılır. Biz artıq Bakıdan Şərqi Zəngəzura 45 dəqiqəyə çatacağıq. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun hava məkanının təhlükəsizliyini təmin etmək gücünə malikdir. Qısa müddət ərzində Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılması bunu bir daha sübut edir. Biz nəinki doğma torpaqlarımıza geri qayıtdıq, hətta artıq Qarabağın və Şərqi Zəngəzurun hava məkanında da sərbəst və təhlükəsiz şəkildə uçuşlar həyata keçirə biləcəyik. Ən önəmlisi isə, Zəngilan Beynəlxalq Hava Limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək".