Azərbaycan səbrlə və qətiyyətlə addım-addım inkişaf edir

Dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda Azərbaycan həssas rol oynayaraq böyük nailiyyətlər əldə edə, iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yarada bilir. Əlbəttə ki, bu Azərbaycan Prezidentinin həyata keçirdiyi dayanıqlı və balanslı siyasətin məntiqi nəticəsidir. Ölkəmizi dünyaya tanıdan mühüm amillərdən biri də mötəbər tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsidir. Vaxtı ilə Prezident İlham Əliyevə Azərbaycanda keçirilən idman yarışları ilə bağlı Çin jurnalistin " İdmana həvəsiniz barədə söyləyin, nəyə görə məhz idman?" sualına çox fəlsəfi və siyasi cavab vermişdi: " İdman ictimai həyatın mühüm amilidir. İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik. Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Lakin sizə deyə bilərəm ki, hazırda, iki il yarımdan sonra, Qələbəmizin əsas meyarı qələbə ruhu idi. Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi". Bu fikirlərin davamı kimi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda səsləndirdiyi "Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir". Ölkə başçısı tarixi Azərbaycan torpağından, Zəngilandan Ermənistan hakimiyyətinə, onun arxasında duran himayədarlara, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar hazırlayan qüvvələrə verilən mesaj idi.

       Bu baxımdan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun əhəmiyyətini təhlil etsək bu nəticələrə gəlmək olar: "Yenidənqurma - azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, münaqişələrin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu, müasir dövrdə, elm və texnologiyanın inkişafı kontekstində davamlı şəhərlərin salınması metod və üsullarının müzakirəsi, təcrübə mübadiləsinin aparılması;  İşğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa etmək üçün dostluğun, birgə marağın təzahürü- bunu Foruma ümumilikdə 400 iştirakçının qatılması da təsdiqləyir;  Erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda " Ağallı kənd", "Ağıllı şəhər" konsepsiyası əsasında kənd və şəhərlərin (indiyədək 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib və 30 kəndin təməli qoyulub) salınması;.   Keçmiş məcburu köçkünlərin ən böyük arzusu öz döğma dədə-baba yurdunda yaşamaqdır. Artıq 2300 keçmiş məcburi köçkünün evlərinə qayıtdığını və ilin sonuna qədər onların sayının 5500-ə çatdırılacağını bildirən Prezident İlham Əliyev qeyd edib ki: “...Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər”;  Dünyada və ölkəmizdə gedən urbanizasiya proseslərinin müzakirəsi üçün uğurlu platforma olan bu Forum müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması üçün fikir və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir; Lakin bu bərabərsizliyin yaranmasına, sosial ədalət prinsipinin pozulmasına səbəb olmamalıdır; Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət yetirir. Bunlardan biri də BMT-nin Məskunlaşma Proqramıdır (UN- HABİTAT)".

Azərbaycanın beynəlxalq tədbirlərin həyata keçirildiyi məkana çevrilməsinin bir çox, o cümlədən iqtisadi, siyasi, kulturoloji səbəbləri var. Ölkəmizdə mövcud siyasi stabillik bir çox mühüm tədbirlərə ev sahibliyi etməsinin əsas göstəricilərindən biridir. Digər bir amil isə Azərbaycanın özünün qlobal təşəbbüslərlərlə çıxış etməsi, təkcə regionda deyil, həmçinin dünyada sülh və təhlükəsizliyin, haqqın, ədalətin bərqərar olması üçün töhfələr verməsidir.

 Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova