Azərbaycan-Türkiyə birliyi bölgənin inkişaf, tərəqqi və sülh təminatıdır - Deputat

Azərbaycan-Türkiyə münasibətlərində bir xalqın yüz illərlə formalaşan qardaşlıq münasibətləri iki dövlətin liderlərinin birgə səyi ilə tarixin zirvə nöqtəsindədir.

Prezident İlham Əliyevlə Türkiyə lideri Ərdoğanın həm siyasi xarizması, həm şəxsiyyətinin gücü, həm də şəxsi dostluq münasibətləri dövlətlərarası əlaqələri müttəfiqlikdən üstün bir səviyyəyə çatdırıb. İki türk lideri arasındakı bu səmimiyyət çağdaş dünyanın siyasi düzənində alternativsiz olmaqla yanaşı, həm də türk dünyasının birliyi üçün ən mühüm faktordur. Bu gün Ərdoğanın qətiyyəti sayəsində dünya gücünə çevrilən Türkiyə Cümhuriyyəti və Prezident İlham Əliyevin mükəmməl daxili-xarici siyasəti nəticəsində regionun lider dövləti kimi Azərbaycanla müttəfiqliyi bütövlükdə Türk-İslam dünyası üçün aparıcı flaqman rolundadır. Bütün bu uğurların nəticəsidir ki, Türkiyə və Azərbaycan vətəndaşları seçkilərdə düzgün seçim edərək çağdaş siyasi düzənin iki böyük siyasətçisini lider kimi görürlər. Türkiyədə keçirilən və dünya üçün demokratiya, xalq inamı örnəyini göstərən son seçkidə Rəcəb Tayyib Ərdoğanın qəti qələbəsi bunu bir daha təsdiq etdi. Seçkidən sonra prezident kimi Ərdoğanın ilk səfərini ölkəmizə etməsi isə Azərbaycan-Türkiyə müttəfiqliyinin daha bir sübutu oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Ərdoğanın ölkəmizə səfərini şərh edən Prezident İlham Əliyev keçirilən görüşlərin həm görülən işlərə yekun vurduğunu, həm də nəzərdə tutulan layihələrlə bağlı yol xəritəsi olduğunu qeyd etdi. Bu səfərin də uğurlu olacağına əminliyini ifadə edən ölkəmizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının hər zaman yüksək səviyyədə davam edəcəyini qəti şəkildə bəyan etdi. Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izlənildiyini bildirən Ərdoğan qardaş ölkənin Şuşada baş konsulluğunun açılmasına toxunaraq bunun başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi diqqətə çatdırdı. Bununla da türk soyuna, dövlətlərinə düşmən kəsilənlərə qarşı milli iradəsini nümayiş etdirmiş oldu.

Deputat sonda qeyd edib ki, ümumiyyətlə, Türkiyə Prezidentinin Azərbaycana son səfəri iki qardaş ölkə arasındakı müttəfiqlik, dostluq münasibətlərində yeni səhifənin başlanğıcı oldu. Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın keçirdiyi görüşlər, verilən bəyanatlar və gələcəyə planlaşdırılan iqtisadi layihələr onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsinin əsası daha da möhkəmlənib. Heç şübhəsiz, bu inkişafın memarı iki qardaş ölkə liderlərinin yürütdüyü mükəmməl siyasi kursdur. Beləliklə, bir millətin iki liderinin siyasi qərarları Azərbaycan-Türkiyə müttəfiqliyini yüksəltməklə yekunlaşmır, həm də bu ittifaqın dünya siyasi düzənində hər kəsin hesablaşacağı gücə çevrilməsinə zəmin yaradır. Bu güc bütövlükdə bölgənin inkişaf, tərəqqi və sülh təminatıdır.