Azərbaycan və Türkiyə birliyi  dünya üçün nümunədir

Oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünün qeyd edildiyi bu tarixdə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. 26 oktyabr 2021-ci il tarixdə Füzuli Beynəlxalq Hava Limanının və cari ilin oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi bir daha sübut edir ki, Azərbaycan və Türkiyə kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan bir millət, iki dövlətdir. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin dünya üçün nümunə olduğu bir daha təsdiqləndi.

Cənab Prezident İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatla çıxış edərək, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olduğunu ,siyasi və mənəvi dəstək verdiyini qeyd etdi. Türkiyənin varlığı Azərbaycana  əlavə güc verməklə yanaşı, həm də  bəzi qüvvələrin haqlı davamıza  müdaxiləsinin qabağını aldı. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da inkişaf edib. Artıq Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Türkiyə-Azərbaycan birliyi İkinci Qarabağ savaşında olduğu kimi, bu gün də genişmiqyaslı bərpa-quruculuq işlər aparılan Qarabağda və Zəngəzurda da davam edir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb. Buna misal kimi Zəngilan rayonunda Ağalı kəndinin bərpasını göstərmək olar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir.  Azad edilmiş digər rayonlarda da doğma yurdlarına qayıdacaq vətəndaşlar üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Ötən ildən başlayaraq şəhərlərin baş planları təsdiq edilir, yaşayış binalarının təməli qoyulur. İndiyə kimi cənab Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Şuşa şəhərində birinci məhəllənin, Cəbrayıl və Füzuli şəhərlərində ilk çoxmənzilli yaşayış məhəllələrinin təməli qoyulub.

Dövlət başçımız rəsmi mərasimin keçirildiyi Cəbrayıl şəhərinin də erməni işğalı dövründə digər, bizim  bütün şəhər və kəndlərimiz kimi tamamilə dağıdılıb yerləbir edildiyini vurğuladı. Bunun da səbəbi azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın olmuşdur. Biz isə  qan tökərək, savaşaraq, döyüşərək torpaqlarımızı işğalçılardan azad edərək öz torpaqlarımıza həyatı yenidən qaytardıq.

Bu gun Türkiyə kimi qüdrətli ölkənin bizim yanımızda olması bizim üçün böyük xoşbəxtlikdir. Türkiyə və Azərbaycan arasında 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı.Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını təmin etdi, həmçinin regionda sülhün və sabitliyin bərpa edilməsini təmin etdi. Türkiyə və Azərbaycan bütün sahələrdə müttəfiq oldu. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını, birliyini bütün dünyaya bildirən bir mesajdır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə ilə bərabər, eyni zamanda  region və dünya üçün mühüm hadisədir. Bu Bəyannamə ilə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı. Xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri