Azərbaycan və Türkiyə müttəfiqliyi: yeni hədəflər, yeni çağırışlar qarşısında

Bakı və Ankara regionun qüdrətli güc mərkəzinə çevrilərək, davamlı sülhün, təhlükəsizliyin, sabitliyin, inkişafın və rifahın bərqərar olmasına yönəlmiş yeni hədəflər qoyurlar. Hər iki ölkə, Ulu Öndər Heydər Əliyevin “bir millət-iki dövlət” şüarı əsasında  öz müttəfiqliklərini daha da gücləndirilər. Əbədi dostluq və qardaşlıq tellərinə sədaqətin ən parlaq təzahürlərindən biri də  prezident seçkilərindən sonra dövlət başçılarının - Türkiyə liderinin Azərbaycana, Azərbaycan liderinin isə Türkiyəyə ilk rəsmi xarici səfərlərini misal çəkmək olar.  Ənənəvi olaraq, Prezident İlham Əliyev fevralın 7-də keçirilən tarixi seçkilərdən sonra ilk xarici səfərini - onlar Azərbaycanın bütün suveren ərazisində ilk dəfə olaraq qardaş Türkiyəyə etdi.

Azərbaycan-Türkiyə müttəfiqliyinin toxunulmazlığı Bakı və Ankaranın xarici təhdidlərə və təxribatlara birgə müqavimət göstərməsi ilə xarakterizə olunur.  Biz birliyi bir çox nümunələrlə qeyd edə bilərik.  Vaxtı ilə Prezident İlham Əliyevin “bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” ifadəsi, eləcə də Vətən Müharibəsi zamanı Türkiyə Prezidentinin bəyanatı, göstərdiyi mənəvi və siyasi dəstəyi ictimaiyyətin yaxşı yadındadır. Buna daha bir misal olaraq parlament nümayəndə heyətimizin səlahiyyətlərini təsdiqləməkdən imtina edən AŞPA-nın son qərarının ədalətsizliyinə Türkiyənin reaksiyasıdır: “Təəssüflər olsun ki, seçkilər ərəfəsində Azərbaycana müəyyən qədər haqsızlıq edilib. Avropa Şurası Parlament Assambleyasında bu il keçiriləcək tədbirlərdə Azərbaycan nümayəndə heyətinin iştirakına mane olan qərarlara kəskin etirazımızı bildirdik. Biz Assambleyanın qarşıdurma platforması deyil, parlament demokratiyasını gücləndirən dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qərar ləğv olunana qədər Azərbaycana dəstəyimizi göstərməyə və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.” Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 19-da Ankarada prezident İlham Əliyevlə birgə mətbuata açıqlama verərək Türkiyənin bu məsələyə birmənalı münasibətini dilə gətirib. “Biz əcdadlarımızdan bizə miras olaraq qalan bütün adət-ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə region üçün deyil, Avrasiya üçün də mühüm amilə çevrilib” deyən Prezident İlham Əliyev öz növbəsində bildirib ki, “Türkiyə bu gün dünya miqyasında söz sahibidir.

Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, eləcə də hərbi qüdrəti türk dünyasına mənsub olan hər kəsi sevindirir.Qeyd etmək lazımdır ki, iqtisadi əməkdaşlıq  Azərbaycan-Türkiyə birliyinin ən mühüm halqalarından biridir. Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi ilk dəfə olaraq 7,5 milyard dollara çatıb, lakin Bakı və Ankara 15 milyard dollarlıq hədəfə çatmaq üçün əlavə səylər göstərmək əzmindədirlər. Prezident İlham Əliyev bunu belə ifadə edir: “Əlbəttə, çox şadam ki, ticarət dövriyyəmiz sürətlə artır və 7,5 milyard dollarlıq rekord həddə çatmışdır. Beş-altı il əvvəl biz əmtəə dövriyyəsinin bu qədər artacağını xəyal edə bilməzdik, amma bu, reallıqdır. Vaxtilə biz ümumi məqsədlər qoyduq və indi onlara doğru irəliləyirik.” Bu məqsədlərə nail olmaq üçün tərəflər təkcə regionumuza deyil, daha geniş coğrafiyaya fayda verə biləcək yeni layihələr üzərində işləyirlər. Və bu, bütövlükdə bu gün dünyanın üzləşdiyi təhlükələr və risklər fonunda yeni çağırışlara ən yaxşı cavabdır. Söhbət o cümlədən, mövcud nəqliyyat və enerji layihələrinin inkişafı və yenilərinin həyata keçirilməsindən gedir.

Nəqliyyat və enerji layihələri artıq bizim sərhədlərimizdən kənarda da mühüm rol oynamağa başlamışdır. Hazırda qlobal  gündəlikldə enerji və nəqliyyat təhlükəsizliyi  ön plandadır.Azərbaycan dövlət başçısı qeyd edib ki, ötən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib: “Alınan razılaşmalara əsasən, qazın həcminin artırılması nəzərdə tutulur. Türkiyə üzərindən Avropaya nəql edilən təbii qaz qitənin bir çox ölkəsi üçün enerji təhlükəsizliyinin mühüm məsələsidir”. Biz nəqliyyatda da eyni mənzərənin şahidi oluruq. Cənab İlham Əliyev vurğulayıb ki, “Yükdaşımaların həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında tam şəkildə istifadəyə verilməlidir”. Azərbaycan və Türkiyə üçün müasir geosiyasi çağırışlar  fonunda nəqliyyat və enerji sektorlarında potensialın inkişaf etdirilməsi zəruridir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır. Elə keçən ilin   hər iki dövlət başçılarının imzaladıqları Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolu da bu mühüm  məsələnin tərkib hissələrindən biridir. TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlər sırasındadır. Eyni zamanda,  İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində  iki qardaş ölkənin əməkdaşlığının  yeni və daha sız səviyyəyə çatmasının bariz göstəricisidir. 

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq hərbi sahə müttəfiqlik ruhunda inkişaf edir. Prezident İlham Əliyev  qeyd etdi ki, “Ordularımız bir yumruq oldu. Hər il həm Türkiyədə, həm də Azərbaycanda ən azı 10 hərbi təlim keçirilir və beləliklə, bizim hərbi qüdrətimiz daha da artır”.  O  bildirdi ki,  İkinci Qarabağ müharibəsi, sonra isə antiterror əməliyyatı bir daha göstərdi ki, Türkiyə ordusu modeli artıq Azərbaycanda tamamilə kök salıb: “Qarabağda aparılan antiterror əməliyyatı ölkəmizin suverenliyini tamamilə bərqərar etdi. Azərbaycan ərazisində artıq və gələcəkdə də olmayacaq, separatçı qüvvələr üçün yer yoxdur”.   Bu yerdə  Azərbaycan Prezidentinin  bir fikrini yada salmaq yerinə düşər: “Bir millət- iki dövlət və bir yumruq ”. Bu gün hər iki ölkə müdafiə sənayesi sahəsində yeni imkanların inkişafını nəzərdən keçirir: “Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. Bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır”. Bütün bunlar Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün mühüm komponentlərdir. Türkiyə Prezidenti hesab edir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh sazişinin imzalanması, şübhəsiz ki, həm regionumuzda, həm də bütün dünyada sülh və sabitlik üçün yeni ümid mənbəyinə çevriləcək. “Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”. Əlbəttə, bu həm Ermənistana, həm də onun havadarlarına,  bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasına maneə yaradan tərəflərə çox mühüm mesajdır.

Bu gün Bakı və Ankara türk xalqlarının vahid ailəsində həmrəyliyin gücləndirilməsi naminə Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirirlər. Bu prizmadan yanaşsaq, bu ilin iyulunda Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ilə bağlı planlar rəmzi xarakter daşıyır: “Biz öz gücümüzü və təbii ki, dövlətlərin birləşməsini artırırıq. Türk dünyası, ortaq köklərə malik xalqların birliyi Təşkilatın hər bir üzvü olan türk dövlətlərinin güclənməsinə töhfə verəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. “Eyni zamanda, mənim dəvətimlə müşahidəçi statusuna malik Şimali Kipr Türk Respublikasının Prezidenti də bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqların birliyi işinə daha bir güclü təkan verəcək”.

İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti humanitar əlaqələrdir. Bu kontekstdə Ankarada Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması diqqətəlayiqdir. “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”.Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması təkcə təhsil məsələsi deyil. Bu, bizim birliyimizin daha bir rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanın, həm də regionun ən qabaqcıl ali təhsil ocaqlarından birinə çevriləcək” deyən Prezident İlham Əliyev bu layihəni belə qiymətləndirir. Beləliklə, Azərbaycan və Türkiyə ən yüksək pillələrə çatmışdır. Şuşa Bəyannaməsi ilə təsbit olunmuş qardaşlıq əlaqələrin səviyyəsini artırmaq, sülh və inkişafa zəmin yaratmaq üçün birgə çalışmaya davam edirik. Dünyada analoqu olmayan bu nümunəvi münasibətlər modelini təkcə ölkələrimiz arasındakı strateji, müttəfiqlik, qardaşlıq əlaqələri deyil, həm də iki liderin şəxsi dostluğu müəyyən edir. Bunlar Azərbaycan-Türkiyə birliyinin daha da dərinləşməsi və genişlənməsi üçün ən mühüm komponentlərdir. Beləliklə, bu gün Azərbaycan və Türkiyənin həyata keçirdiyi siyasət regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin, inkişafın, firavanlığın və rifahın əsas düsturunu təşkil edir. Bu prizmadan baxsaq, Prezident İlham Əliyevin iki dövlət arasında münasibətlərin ən yüksək səviyyəsini bir daha nümayiş etdirən Türkiyəyə səfəri, şübhəsiz ki, Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin, dostluğunun və qardaşlığının möhkəmlənməsinə növbəti mühüm töhfə olacaqdır.

 Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova