Azərbaycanda çörəyin qiyməti ucuzlaşa bilərmi? - AÇIQLAMA

"Unun qiyməti düşürsə, bu, çörəyin qiymətinə də öz təsirini göstərəcək".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, qiymətin azalması sahibkarlardan asılıdır: "Belə ki, çəkilən xərclər hesablanmalıdır. Unun qiymətinin azalması müəyyən miqdarda çörəyin qiymətinə də öz təsirini göstərməlidir".

Digər məhsulların da qiymətindəki artımlara gəlincə, deputat qeyd edib ki, artımlar dünyada baş verən proseslərlə bağlıdır:

"İqtisadi münasibətlərin kəskinləşməsi də qiymətlərə təsir edir. Təki bu il uğurlu olsun, müharibələr, münaqişələr aradan qalxsın. Azərbaycan iqtisadi cəhətdən inkişaf edən, dünyaya çıxan ölkədir. Elə düşünürəm ki, Azərbaycanda qiymətlər tədricən düşə bilər. İşğaldan azad olunmuş ərazilərdə taxıl əkini sürətlənir. Orada 100 min hektarla taxıl əkiləcək. Bu əkin gələcəkdə öz təsirini göstərəcək. Hazırda 1 milyon 200 min ton taxılı kənardan alırıq. Hesabatlar göstərir ki, Azərbaycanda ərzaqlıq buğda sahələrini artırmaqla, müəyyən qədər bu tələbatı ödəmək olar. Xarici ölkələrdəki gərgin münasibətlər yaxşılaşsa, qiymətlərdə mütləq azalmalar olacaq".