Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu qanunda öz əksini tapır.

Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.

Müasir döyüş sirlərinə dərindən bələd olan, döyüş meydanında intizamlı savaş aparan, beynəlxalq qaydaları əldə rəhbər tutan qalib bir Azərbaycan Ordusu haqqında konkret fikir formalaşmaqdadır. Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq sülhə məcburetmə əməliyyatlarında Azərbaycan Ordusunun potensialından və təcrübəsindən geniş yararlanmağa imkan verəcək. Artıq Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu diasporaya deyil, məhz Azərbaycana göstərəcəyi hörmət və səmimiyyətdən asılı olacaq.

Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvləri kimi yaşamışlar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, islam dəyərləri müstəsna rola malikdir. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış, bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və digər dini inanclar Azərbaycan ərazisində yayıla bilmişdir.

Ali Baş Komandan İlham Əliyev dəfələtlə öz çıxışlarında bildirmişdir ki,Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların da hüquqları Azərbaycanın Konstitusiyası ilə qorunur, odur ki, bəzi qüvvələrin əndişələri əsassızdır. “Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasəti hansısa vətəndaşlarımıza, insanlara münasibətdə onların etnik mənsubiyyətini əsas götürmür. Yəni bizim ölkəmiz demokratik, çoxmillətli, multikultural, tolerant bir ölkədir. Milli etnik köklərindən asılı olmayaraq, istənilən insan burada Konstitusiya və qanunlar qarşısında bərabərhüquqludur”.

44 günlük müharibənin erməni milli şüurunda radikal dəyişikliyə yol açacağı inkar edilmir. Onlar üçün qonşulara ərazi iddiaları irəli sürüb kimlərinsə çirkin geosiyasi planlarının alətinə çevrilməkdənsə, normal və müstəqil dövlət kimi öz maraqlarını təmin etmək məqsədilə ətraf ölkələrlə etibarlı və qarşılıqlı mənfəətə söykənən əməkdaşlıq yolu seçmək daha perspektivlidir.

Əminə Ağazadə
Milli Məclisin deputatı