Müasir dövrdə enerji siyasəti dövlətlərin iqtisadi inkişafı və beynəlxalq nüfuzunun formalaşmasında mühüm rol oynayır. Enerji resurslarının səmərəli idarə olunması, onların təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarlarına çıxarılması ölkələrin strateji prioritetlərindən biridir. Azərbaycan Respublikası da zəngin enerji ehtiyatları və uzaqgörən enerji siyasəti sayəsində beynəlxalq enerji sistemində mühüm mövqeyə sahibdir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclasları ölkəmizin bu sahədə həyata keçirdiyi siyasətin mühüm göstəricilərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək enerji təhlükəsizliyi sahəsində görülən işlər, yeni layihələr və gələcək planlar barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsindən artıq on ildən çox vaxt keçir. Bu müddət ərzində layihə yalnız enerji infrastrukturu deyil, həm də ölkələr arasında strateji əməkdaşlıq platformasına çevrilib. Enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi və ortaq qərarların qəbul edilməsi bu platformanın əsas məqsədidir. Son illərdə dünyada baş verən geosiyasi hadisələr enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırıb. Bu şəraitdə Azərbaycan və tərəfdaş ölkələr birgə fəaliyyət göstərərək bir sıra dövlətlərin enerji təminatına mühüm töhfə veriblər. Prezident İlham Əliyev çıxışında bildirib ki, hazırda Azərbaycan 12 ölkəyə qaz tədarük edir və ümumilikdə Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb. Bu fakt Azərbaycanın enerji ixracatçısı kimi beynəlxalq bazarda artan rolunu göstərir. Xüsusilə Avropa ölkələri üçün Azərbaycan qazı mühüm alternativ enerji mənbəyi hesab olunur. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazından istifadə edir. Azərbaycan qazının ixrac coğrafiyası daim genişlənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz artıq Avropanın Almaniya və Avstriya kimi ölkələrinə qaz tədarükünə başlayıb. Bundan əlavə, ilk dəfə olaraq Suriyaya qaz tədarükü həyata keçirilir. Bu layihə Suriyada mövcud elektrik enerjisi qıtlığının aradan qaldırılmasına yardım göstərmək məqsədi daşıyır və ölkənin iqtisadi həyatının bərpasına mühüm töhfə verir. Azərbaycan yaxın illərdə qaz hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Dövlət başçısının sözlərinə görə, bir sıra yeni layihələr üzərində iş aparılır. “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqları ölkənin enerji potensialının artırılmasında mühüm rol oynayacaq. Bu yataqların işlənməsi nəticəsində 10-15 milyard kubmetr əlavə qaz əldə ediləcəyi gözlənilir. Azərbaycan yalnız qaz və neft sahəsində deyil, alternativ enerji sahəsində də geniş proqramlar həyata keçirir. Prezident İlham Əliyevin sözlərinə görə, ölkə 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi planlaşdırır. Bu istiqamətdə külək və Günəş enerjisi layihələri artıq həyata keçirilir. Azərbaycan azad edilmiş ərazilərdə hidroenerji layihələrini də aktiv şəkildə həyata keçirir. Hazırda 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq enerji sisteminə qoşulub və yaxın illərdə bu göstəricinin iki dəfə artırılması planlaşdırılır. Azərbaycan beynəlxalq enerji bazarında mövqelərini möhkəmləndirmək üçün yeni investisiyalar həyata keçirir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması və Serbiya ilə yeni enerji layihəsinin imzalanması bu strategiyanın tərkib hissəsidir. Azərbaycan Aralıq və Egey dənizi regionunda neft emalı potensialını da genişləndirir. İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması və Türkiyədəki 12 milyon tonluq müəssisə ilə birlikdə ölkənin ümumi emal gücü 22 milyon tona çatır. Bu isə enerji məhsullarının davamlı təchizatını təmin etməyə imkan yaradır. Prezident İlham Əliyev çıxışında enerji siyasətində realizm və praqmatizm prinsipinin vacibliyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələrinin balansı qorunmalıdır. Çünki enerji təhlükəsizliyi yalnız bir mənbəyə əsaslana bilməz. Beləliklə, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkənin beynəlxalq mövqelərini daha da gücləndirir. Cənub Qaz Dəhlizi, yeni qaz yataqları, alternativ enerji layihələri və beynəlxalq əməkdaşlıq proqramları Azərbaycanın enerji strategiyasının əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət həm regionun, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.
Milli Məclisin deputatı
Şahin Seyidzadə