Son 20 ildə Azərbaycan energetika sahəsində mühüm nailiyyətlərə imza ataraq regionun enerji təhlükəsizliyinin təminatında və beynəlxalq enerji bazarına inteqrasiyada aparıcı mövqelərdən birini tutmağa nail olmuşdur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası və Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində bu sahədə davamlı inkişaf təmin edilmişdir.
Azərbaycan son illərdə daxili enerji istehsalını artırmaq və enerji ixracı ilə yanaşı, ölkədaxili tələbatı da yüksək səviyyədə qarşılamaq istiqamətində mühüm addımlar atmışdır. Mingəçevir, Şimal, Cənub və digər istilik elektrik stansiyalarının modernləşdirilməsi və yeni güclərin istismara verilməsi bu sahədə əhəmiyyətli nəticələr vermişdir.
2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən “Yaşma” və “Qaradağ” elektrik stansiyaları, həmçinin Mingəçevir İstilik Elektrik Stansiyasının reabilitasiyası layihəsi enerji istehsalının səmərəliliyini və dayanıqlılığını artırmışdır.
Son illərdə Azərbaycan “yaşıl enerji”yə keçid istiqamətində də əhəmiyyətli işlər görməkdədir. 2020-ci ildən başlayaraq bu sahədə beynəlxalq şirkətlərlə əməkdaşlıq genişləndirilib. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri ilə imzalanmış müqavilələr çərçivəsində Kəlbəcər-Laçın zonasında, həmçinin Qaradağda günəş və külək elektrik stansiyalarının inşası başlanmışdır. 2030-cu ilə qədər Azərbaycanın enerji balansında bərpaolunan enerjinin payının 30%-ə çatdırılması hədəflənir.
Azərbaycan energetika sahəsində uğurla həyata keçirdiyi layihələrlə həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş imici qazanmışdır. Enerji diplomatiyası çərçivəsində Avropa İttifaqı, Türkiyə, Gürcüstan və digər ölkələrlə strateji əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyi, yeni texnologiyaların tətbiqi və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində ortaq layihələr həyata keçirilir.
Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq.
İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq;
Son 20 ildə Azərbaycanın energetika sektorunda əldə etdiyi nailiyyətlər təkcə iqtisadi baxımdan deyil, həm də siyasi və geostrateji baxımdan ölkənin mövqeyini gücləndirmişdir. Gələcəkdə bərpaolunan enerji, enerjidən səmərəli istifadə və ekoloji dayanıqlılıq sahələrində daha böyük hədəflərin reallaşması üçün geniş imkanlar mövcuddur. Energetika sahəsindəki bu inkişaf Azərbaycanın davamlı iqtisadi inkişafına və milli rifahın yüksəlməsinə mühüm töhfə verməkdədir.
Əminə Ağazadə
Milli Məclisin dəputatı