Azərbaycanın gənclər siyasəti - Uğur modeli 

Azərbaycan dövlətinin güclənməsində, ərazi bütövlüyümüzün təmin olunmasında hər zaman gənclərə böyük ümid bəsləyən Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən gənc nəslin vətənpərvər, sağlam, savadlı olması üçün əlindən gələni əsirgəmədi. “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” – deyən Ulu Öndər yeni nəslin nümayəndələrinin potensialını yüksək qiymətləndirirdi. Bu məqsədlə o, Gənclər və İdman Nazirliyi yaradılması barədə fərman imzaladı.  

2 fevral 1997-cı ildə Gənclər Gününü təsis edildi. Azərbaycanı gənclər ölkəsi adlandıran Ulu Öndər müstəqil dövlətimizin inkişaf konsepsiyasında gənclərə xüsusi yer ayırdı.  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün təkmil konsepsiya hazırlandı. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc bu layihəyə cəlb edildi. İstedadlı gənclərin təhsilə marağını  artırmaq üçün «Prezident təqaüdü» təsis edildi. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə gənclərin qarsısında aydın və dəqiq  məqsəd və vəzifələr qoyuldu. Vətənpərvərlik, milli təfəkkürə əsaslanan azərbaycançılığa sadiqlik, ölkəmizin qüdrətlənməsi naminə fəallıq əsas məqsədlərdən idi. Prezident İlham Əliyev gənclər siyasətinin daha da inkişafı üçün yeni imkanlar yaratdı. “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar” – deyən Prezident İlham Əliyev gənclərin yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmələri, savadlı kadrlar kimi hazırlanmaları, ölkənin aparıcı qüvvəsinə çevrilmələri, bütövlükdə, kreativ gənclik kimi formalaşması üçün yeni imkanlar yaratdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan olundu. Hər bir rayon və qəsəbədə “Gənclər evi”ləri yaradıldı. 
«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın, tətbiqi ilə habelə «2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı» tətbiqi ilə 5000-dən artıq azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq şansı qazandı. «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı»na uyğun olaraq hər il 400, ümumilikdə 2000 nəfərədək ölkə vətəndaşının xarici dövlətlərin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xarici ölkələrdə təhsilə cəlb olunub. “Qara qızıl”dan insan kapitalına keçid prinsipinə uyğun olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi ilə Gənclər Fondu yaradıldı. 

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olarkən cənab İlham Əliyev gənclərin fiziki tərbiyəsinin yüksəldilməsi, idmana cəlb olunmaları üçün ölçüyəgəlməz tədbirlər həyata keçirdi. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edildi.  Bakıda keçirilən «Eurovision-2012» beynəlxalq müsiqi fevtivalı, Birinci Avropa və IV İslam Həmrəyli Oyunları yaddaşlarda dərin izlər buraxdı. «Prezident Mükafatı»nın təsis edilməsi ilə elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil sahəsində biliklərini sınayan gənclər arasında sağlam rəqabət yarandı. Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan «Yüksəliş» müsabiqəsi gənclərin intellektual səviyyələrinin artırlmasına, idarəçilik məharətlərinin təkmilləşməsinə dəstək oldu. Gənclər Fondu nəzdində respublikamızın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzləri (GİKM) fəaliyyətə başladı. 2020-ci il «Könüllülər ili» elan olundu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində gənclərimizin rolu danılmazdır.  

“Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik” – deyən cənab Prezident  vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimiz haqda daim yüksək fikirdə olub: “Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar.

Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təhlilçilər də təəccüblə qeyd edir ki, Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Nə üçün təəccüblə? Çünki həmişə belə oturuşmuş bir fikir var idi ki, erməni lobbisi, erməni təşkilatları hər yerdə fəaldırlar, indi dünyanın aparıcı ölkələrindəki bir çox aparıcı media qurumlarına onlar rəhbərlik edirlər və bu imkandan istifadə edib Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar. Yəni, hər kəs gözləyirdi ki, informasiya məkanında Ermənistan, yəni, necə deyərlər, erməni tezisləri üstünlük təşkil edəcək. Görəndə ki, biz Ermənistanı burada da üstələdik, təəccüb etdilər. Bu, nəyi göstərir? Onu göstərir ki, ilk növbədə tərbiyə, ikinci növbədə bilik, üçüncü növbədə isə müasir texnologiyalara çıxışımız oldu”.
 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı