Azərbaycanın qoca qitə üçün əhəmiyyəti əvvəlki köklü şəkildə artıb

“Avropa siyasi birliyi” bir platforma kimi özünü doğruldacaq, ya yox, bu gələcəyin məsələsidir, amma təsisatın ilk Zirvə Toplantısı bir həqiqəti ortaya çıxardı ki, Azərbaycanın qoca qitə üçün əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə köklü şəkildə artıb.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, ilk növbədə, Vətən müharibəsindəki Zəfərinin nəticəsinə uyğun olaraq Azərbaycan artıq bölgənin əsas güc mərkəzi kimi qəbul edilir.

İkincisi, Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı nəqliyyat və enerji infrastrukturu, eləcə də şaxələndirmə siyasəti nəticəsində dünyada baş verən kataklizmlər fonunda ölkəmiz Avropanın, xüsusilə də Şərqi Avropa və Balkan ölkələrinin enerji təhlükəsizliyi və dolayısı ilə milli təhlükəsizliyində güvənilir təminatçıya çevrilib.

Digər vacib amil isə sabit mühit, sınanmış və etibarlı dövlət təminatı hesabına Azərbaycan Şərq-Qərb tranzitində ən qısa və ən səmərəli habdır. Daha doğrusu, Avropanın Şərqə açılan ən stabil və təhlükəsiz qapısıdır.

Prezident İlham Əliyev də şəxsən bu reallığın memarı kimi vəziyyətə hakimdir və əsas söz sahibi kimi milli maraqların ən yaxşı formada təmin olunması, həmçinin Bakının geosiyası təsir imkanlarını şaxələndirmək üçün təşəbbüsü əldən vermir.

“Eyni zamanda, Avropa da reallığın fərqindədir və Praqa Zirvəsində iştirak edən liderlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə münasibətində də bunu aydın formada müşahidə etmək olur. Bu mənada Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə siyasi birlik formatında toplanan Avropa ölkələrinin əsas prioritetlərindən birinin məhz Cənubi Qafqazda Bakı və İrəvan arasında yekun sülhün olması təsadüfi deyil. Təbii ki, Prezident İlham Əliyev də nəyi, necə, nə zaman etdiyini gözəl bilən lider kimi vəziyyəti doğru qiymətləndirərək, hətta Fransanın qərəzli mövqeyi və təktərəfli yanaşmasına baxmayaraq İrəvanı Alma-Ata bəyanatının şərtinə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar etməklə Praqanı növbəti triumfa çevirdi. Yəni, Azərbaycan Prezidenti "Avropa siyasi birliyi"nin Praqa Zirvəsini faktiki olaraq Qafqazda yekun sülh istiqamətində səmərəli platformaya çevirə bildi”, - deyə Milli Məclisin deputatı vurğulayıb.