SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Zaqatala rayonunda baş tutub. Birlik rəhbəri Zaqatala, Balakən, Oğuz və Qax rayonlarından qəbula üz tutan 43 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, iş yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, kənd və yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.