“Lotu Quli” və “Lənkəranski”yə ağır zərbə - 60 tərəfdar saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində 60-dan çox şəxs saxlanılıb.

Əməliyyat zamanı həbs edilənlərin hamısının "qanuni oğru”lar Rövşən Lənkəranski və "Lotu Quli”nin yaxın adamları olduğu istisna edilmir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda saxlanılan şəxslərdən Namiq İbayev, Kamil Quliyev, Orxan İbrahimov və Namiq Həşimovun adı çəkilir.

Məlumata görə, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram heroin aşkarlanıb götürülüb. Habelə ona məxsus "Mercedes” markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş "AKM” markalı silah və 22 ədəd patron aşkarlanıb.

Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus "VAZ-2104” markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş "Naqan” tipli tapança və 4 ədəd patron götürülüb. Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin aşkarlanaraq götürülüb.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.

AzNews.az

***
11:50

Bakıda kriminal aləmin nüfuzlu şəxsləri hesab edilən üç nəfər saxlanılıb.

Sabunçu rayonunda kafelərdən birində baş tutan əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Tutulan şəxslərin üzərindən və avtomobillərindən ümumilikdə üç ədəd silah - "Kalaşnikov” avtomatı, "Makarov” və "Naqan” tapançaları, habelə, narkotik maddə olan heroin götürülüb.

İlkin məlumata əsasən, tutulan şəxslər "Lotu Quli” kimi tanınan, hazırda həbsdə olan Nadir Səlifova yaxınlığı ilə tanınan şəxslər olub.

Report.az