Narkomaniya – bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil.
Ən qorxulu xəstəliklər mənbəyi - narkomaniya
Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər. Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik "Hepatit B”dir (Hepatit B qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də "HİV" və "QİÇS” xəstəliyinə.
Ədəbsizlik, alçaqlıq mənbəyi - narkomaniya
Qeyd etdiyimiz kimi, narkotiklərdən bir neçə dəfə istifadə ondan asılılığa səbəb olur. Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. İnsan artıq bir işlə məşgul ola bilmir. Sonrakı "doza" üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür.
Narkotik orqanizmə düşdükdə: • Tənəffüs azalır • Ürəkbulanma, qaytarma baş verir • Gözlərin bəbəkləri daralır • Dərinin rəngi avazıyır və qaşınma olur • Bədəndə mayenin yığılması və həzm sistemində pozğunluqlar nəticəsində qəbizlik əmələ gətirir • Allergik reaksiyaların nəticəsində boğulma halları baş verir ki, bu da ölümlə nəticələnir
Narkomanlar üçün xarakterikdir: • Dəyişkən əhval-ruhiyyə • Əllərin əsməsi • Tərləmə • Zəiflik • Yaddaşın pisləşməsi • İradənin zəifliyi • İntellektin azalması • Nitqin pozulması
Narkomanlar bu maddələrə o qədər aludə olurlar ki, tələbatlarını bir müddət ödəyə bilmədikdə böyük problemlərlə qarşılaşırlar. Əgər bir sutkadan çox orqanizmə narkotik daxil olmursa, aşağıdakı vəziyyət nəzərə çarpır:
• Qıcolmalar • Güclü əzələ ağrıları • Qarında ağrılar • Qaytarma • Qarın işləməsi • Əsəb gərginliyi
Beyin qabığını 7 dəqiqəyə məhv edə bilən güc – narkomaniya
Əgər narkoman narkotiki bir satıcıdan alırsa və birdən digər satıcıdan daha "təmiz mal" alırsa "daha çox doza” qəbul etdiyindən gərgin vəziyyətə düşür. Bu zaman baş beyinin qabığı 7 dəqiqədən sonra ölməyə başlayır. Əlbətdə, bütün qabıq birdən ölmür, bu, tədrici gedən prosesdir. Buna görə də bir çox narkoman hələ yaşamağa davam edir. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni ancaq fizioloji prosesləri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan istifadə edə bilmir, danışa bilmirlər. Elə beləcə də illərlə ömür sürürlər.