Qənirə Paşayeva Türkiyədə medala layiq görülüb

Millət vəkili Qənirə Paşayeva Türkiyədə medala layiq görülüb.


Sabahinfo.az-a verilən məlumata görə, Birləşən Ürəklər Dərnəyi baş katibi Yasemin Meydan medalı millət vəkili Qənirə Paşayevaya təqdim edərək onun Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində, qadınlarımız, aydınlarımız, yazarlarımız, şairlərimiz, jurnalistlərimiz, QHT-lərimiz arasında əməkdaşlığın gücləndirilməsinə dair və qadın haqlarını fəal müdafiəsi istiqamətində daima çalışdığını vurğulayaraq onu təbrik edib və fəaliyyətində uğurlar arzulayıblar.

Qənirə Paşayeva Yasemin Meydana xoş sözləri üçün təşəkkürünü bildirib və çox gözəl işlər görən, layihələr həyata keçirən Birləşən Ürəklər Dərnəyini təbrik edib.Qənirə Paşayeva ölkəmizdə qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər barədə eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır ki, tapdalanmaqda davam etməsindən də danışıb. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlarımız bu məsələlərə laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Millət vəkili Qənirə Paşayeva deyib ki, gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir. "Mən həm Azərbaycanda, həm bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram-Türk dünyasının birlikdə gələcək modeli daha çox analarımızın əlindədir”- deyə millət vəkili bildirib.

Qənirə Paşayeva dərnəyi baş katibi Yasemin Meydanı və bütün kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar diləyib ,Azərbaycana və Azərbaycanla əməkdaşlığa daha da da geniş yer verilməsini diləyib. O, Birləşən Ürəklər Dərnəyi baş katibi Yasemin Meydana Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı hədiyyələr və özünün müəllifi olduğu kitabları təqdim edib və onu ölkəmizə dəvət edib.