Bakının İranın təxribatçı xain hücumuna cavabı qəti və sərt olacaq 

"Azərbaycan xalqı bir daha şahid oldu ki, qonşu İran dövləti Azərbaycan Respublikasına və azərbaycanlılara qarşı düşmənçilik siyasətindən əl çəkməyib. Tehranda səfirliyimizə yönəldilmiş xain hücumdan sonra, bu dəfə İran silahlı qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş terror aktı, açıq-aşkar və qəbuledilməz bir təxribatdır".

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

O bildirib ki, bu hücum təkcə dövlətlərarası münasibətləri pozmaqla qalmır, həm də regionda hərbi-siyasi gərginliyi artırmaq məqsədi güdən ciddi təhlükədir: "Azərbaycan xalqı və dövləti bildirir ki, bu cür əsassız və xain təcavüz ilə heç bir halda barışmayacaq.

Cənab Prezident də artıq bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinə artıq təlimatlar verilib və cavab tədbirləri tam hazırlıq vəziyyətindədir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi heç bir qüvvəyə güzəştə getməyəcək. Azərbaycan dövləti, yeni reallıqlar yaradan müstəqil dövlət kimi, qonşularla mehriban və hörmətə əsaslanan münasibətləri qorumağa həmişə sadiq olub, amma hər hansı təhdid və təxribat qarşısında qətiyyətini nümayiş etdirməkdən çəkinməyəcək".

İ.Yusifov əlavə edib ki, Azərbaycan həm milli, həm də regional təhlükəsizliyi təmin etmək gücünə malikdir: "Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan hərbi-strateji potensialını daim gücləndirir və milli maraqlara qarşı yönəlmiş istənilən təhlükənin qarşısını almağa hazırdır. Azərbaycan hər zaman qonşu İranla normal qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq olub və bu siyasət xalqımızın milli maraqlarına xidmət edib.

Lakin qonşu dövlətin bu xain hücum aktı qətiyyətlə pisləyirik. Azərbaycan dövləti İranı dərhal bu hücum və təxribat cəhdlərinə son qoymağa, Azərbaycan xalqından üzr istəməyə, ölkəmizə qarşı yönəlmiş qərəzli təbliğat və bütün təxribat fəaliyyətlərinə son qoymağa çağırırıq.

Azərbaycan xalqı və dövləti öz müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən təhdidə qarşı sərt və qətiyyətli olacaq. Azərbaycan güclü, müstəqil və suveren dövlətdir. Heç bir terror aktı, təxribat və təcavüz millətimizi qorxuda, dövlətimizi sarsıda bilməz.

Azərbaycanın gücü onun xalqının əzmi, vətənpərvərliyi və milli həmrəyliyindədir. Hər bir Azərbaycan vətəndaşı bu qətiyyətin və mərdliyin canlı şahididir və dəstəkçisidir. Dövlətimizin və xalqımızın mənafeləri hər zaman üstün tutulacaq. Azərbaycan həm milli maraqlarını qoruyacaq, həm də regionda etibarlı sülh və davamlı əməkdaşlıq üçün açıq qalacaq.

Azərbaycanın mövqeyi aydındır: biz heç bir təxribat qarşısında geri çəkilməyəcəyik. Biz öz suverenliyimizi və ərazi bütövlüyümüzü qoruyacaq, xalqımızın təhlükəsizliyini təmin edəcəyik. Heç bir qüvvə Azərbaycanı sarsıda bilməz!"