“Amneziyanın Esmeraldası” - Cavid Məmmədzadə yazır

Pəncərə bağlı idi. Amma həm də açıq idi. Çünki şüşəsinin biri yox idi. Külək isə sanki acıq çıxırdı, bir an da sakitləşmək bilmirdi. Dinmək bilməyən külək pəncərə şüşələrini lərzəyə gətirmişdi. Qapı və əşyaları da hiddətlə silkələyib sanki, öz gözlənilməz gəlişini hamıya eşitdirmək istəyirdi:

"Mən gəldim”. Külək bir gün yağış, bir gün çovğun, bir gün isti meh gətirirdi. Fəsillərə görə dəyişib estafetləşirdi. Bu qışda pis, yayda əla, payızda yaxşı-pis-orta, yazda yaxşı-orta idi. Evin içində bir az paradoks, bir az dağınıqlıq, çox az çörək, lap azca hüzur, bir çox isə yoxsulluq var idi. Tavandan tor və kir tökülürdü. Səliqəsiz otağın içində əlil arabasında bir qadın oturmuşdu. Onun bəzən soyuğu xatırlamayan isti qəlbi, bəzən də istini xatırlamayan soyuq qəlbi var idi. Yerə sərilən xalça tapdanmaqdan bəlkə də bezmişdi. İmkanı olsa idi bükülüb qaçardı. Divardan asılan saatın əqrəbi eyni yerdə illərdir ki, dayanmışdı. Guya saat işləsəydi ki nə dəyişəcəkdi? Onsuzda qadının mənəviyyatının, zehniyyatının zamanı dayanmışdı. Divarlarda qəribə yazılar var idi: "Fürerim", "Nasizm", "Şeytanı qorumaq", "insanları daşlamaq", "Başımın arxasındakı göz", "Ölüm it kimi üstümə qaçır", "Gözlərimin içinə kimi doğrudur", "Ey Mario bu mənəm", "Dərmanımın tərkibi əsəbdir", "İcazəsiz gələn küləyin mənə təcavüzü"… Bu yazıları o qadın keçən mənasız illəri ərzində yazmışdı. Gözünün qarası hərdən kiçilir, hərdən yoxa çıxırdı. Dişləri saralmış və ərplənmiş, saçları çirklənmiş və yağlanmışdı. Üzündəki qırışların sayı beynindəki qırışların sayı ilə yarış edirdi. Bədəni arada qorxudan, arada həyəcandan, arada soyuqdan, arada ehtirasdan, arada isə acından əsirdi. Bu qocalığın əlamətindən çox, cavanlığında tapdığı xəstəliyin qocalanda da əl çəkməməsinin əlaməti idi. Divarlarda yazdığı yazılara diqqətlə baxırdı. Yazılara baxıb düşününcə, ordakı fikirlərə uyğun özü üçün oyunlar oynayardı. Arada özünü Yeva Braun, arada Silviya Qanuş, arada da Marqarita Tetçer hesab edirdi. Yeva Braun olan kimi "Fürerim", "Nasizm" sözlərinə həyacanlanırdı. Elə bilirdi Blondi üstünə qaçır. Gələn küləyi Hitler hesab edib ehtiraslanırdı. Küləyi var gücü ilə ciyərlərinə çəkirdi. Elə bilirdi Adolfu qucaqlayır. Ona görə də o sözü ehtiraslı formada təkrar edirdi- "Fürerim" "fürerim"... Bir neçə saatdan sonra Silviya Qanuş olurdu. Divardakı "Şeytanı qorumaq", "İnsanları daşlamaq" yazılarını dişlərini qıcayıb təkrar edirdi. Küləyi də "Quran” kəlməsi hesab edib yumruqlayırdı. Elə bilirdi külək qulağına "Nas” surəsin pıçıldayır. Bəzən də Tetçer olurdu. Divardakı "ey Mario bu mənəm" yazısın pıçıldayırdı. "Dəmir Leydi"nin sevgi dolu urəyini öz sinəsində hiss edirdi. Köhnə toz basmış qramafonu vardı. 

 Bütün günü Riçard Vaqnerin "Tristan və İzolda”sına qulaq asırdı. Elə bilirdi Hitleri Hitler edən Vaqnerin operaları olub.

Retroanteroqrad amneziya xəstəliyinin ağuşunda ruhunu o darmadağın olmuş otağa təslim etmişdi. Otaqdakı əşyalardan başqa heç nəyi və təqaüdünü, ərzağını alıb gətirən bir qadından başqa heç kimi yox idi. Amneziya hərdən onları da unutdururdu. Ayaqları sağlam idi. Amma elə bilirdi ki, yeriyə bilmir. Yeriyə bilmək bacarığın belə unutmuşdu. Ona görə pulunu yığıb əlil arabasın aldırmışdı. Arada uşaqlıqda çərpələng ardıyca qaçmasın xatırlayıb durub yeriyirdi. Bir anlığa gözü sataşırdı divardakı "ölüm it kimi üstümə qaçır" yazısına, tez gedib otururdu arabaya və saatlarla qırıq pəncərəyə baxırdı. Elə bil pəncərədən gəncliyi içəri girəcək. Bəlkə də o şüşəni ona görə düzəltdirmirdi.

Düşünürdü ki, gecə gəncliyi və ya gənciliyindəki gələr bağlı olar içəri girə bilməz. Amneziya bəzən onu da unutdururdu. Qorxudan titrəyəndə təbii ehtiyaclarını da unudurdu. Ona görə Esmeraldanın üstündən iy də gəlirdi. Arada Esmeralda...., Esmeralda.... deyib pıçıldayırdı. Öz adın da divara yazmışdı - "Mən Esmeraldayam , öz adımı anamdan diləndim". Səhər qapı döyüləndə o yatmamışdı. Qapı döyüldükcə, gözlərini döyürdü. Döyülən qapı idi ya ürəyi idi deyə tərəddüd edirdi. Suallar içində ayağa durub, ağır addımlarla gedərək qapını açdı. Qarşısında sadə paltarda səliqəli xanım dayanmışdı. Tanımadı. Diqqətlə əzgin baxışlarla baxdı, yenə tanımadı. Xanım:-Ese (onu belə çağırırdı) mənəm də. Tanımadın? Yevayam. Qadının adı əslində Yeva deyildi, sadəcə o onu Yeva Braun bilirdi. Yenə qadına diqqətlə baxdı və qəfildən nəyisə xatırladı. Yadına düşdü ki, bu 2-3 gündən bir ərzağını alıb gətirdiyi Yevadır: "Yeva üzürlü hesab et yaddaşım zəifləyib”. Guya ki yaddaşı var idi ki zəifləyə də. Yeva, ərzağı və bir zərf verib getdi. Zərf bu dəfə fərqli idi. Pul zərfinə oxşamırdı. Çünki üstündə ad-soyad ve ünvan yazılmışdı. Zərfi açdıqca divardakı yazını oxudu: "Gözlərimin içinə kimi doğrudur". Bu dəfə həyəcandan əsməyə başladı. Ağ rəngli və qara zolaqlı zərfin içindən bir kağız çıxdı. Köhnəlmiş və kirdən saralmış kağıza sadəcə bunlar yazılırdı: "Sənin bu gün dağınıq, dən düşmüş və kirdən yağ daman saçlarını lap səliqəli və təmiz vaxtlarında sığallayıb öpərdim. Bu gün də edərəm. Amma sən məni daha xatırlamırsan. Ehhh zalım Amneziya....". Kağızın köhnə olması bu yazının çoxdan yazılmasını göstərsə də, orda yazılanlar Esmeralda üçün yeni kimi gəlirdi. Amma o bunu illərlə, aylarla, günlərlə oxumuşdu. Hər dəfəsində zərfi geri qaytarmışdı. Zərf isə ondan əl çəkmirdi. "Qır saqqız" olub boğazından yapışmışdı. Köhnəlib əldən düşsə də yenidən Esmeraldaya qayıdırdı. Hər dəfə daha inadkar, daha qətiyyətli....

Bu dəfə zərfi geri qaytarmadı. Kağızdakı yazını divara yazıb, zərfi isə pəncərəyə qoyub dedi: "Qoy, bu dəfə külək aparsın". Səhər ayılanda gördü ki, zərf yoxdur. Nəyisə xatırlayaraq gülməyə başladı. Gülüşündə bir az sevinc, bir az kədər, bir çox kinayə vardı. Tez, qələmi götürüb divara bele bir cümlə yazdı: " Sən mənim güləndə geri dartılan üz qırışlarımsan.". Sonra başladı pəncərənin şüşəsi yox hissəsinə baxmağa. Gəncliyindəkini gətirəcəyinə ümid etdiyi külək zərfi aparmışdı. Gülüşü aqressiya ilə əvəz olundu. Pəncərəni yumruqlaya-yumruqlaya, şüşəsiz yerindən küləyə əsəblə tüpürə-tüpürə hönkür-hönkür ağlıyırdı. Hönkürtüdə bir az əsəb, bir az yazıqlıq, bir çox kədər var idi. Hirsli halda qələmi götürdü və bu dəfə divara bunları yazdı: "Kir və yağ içində parıldayan, iylənən saçlarım sənin əllərin, dodaqların üçün darıxır. Amma mən saçlarımın səliqəli və təmiz vaxtlarını xatırlamıram. Ehh zalım Amneziya....". 

Bununlada o, öz xəstəliyinin nə olduğun da xatırladı. Amma xəstəliyi xatırlamaların da, xatirələrin də əlindən almışdı. İndi Esmeralda yaxşı bilirdi ki, adını xatırladığı xəstəliyinin xatirələrini əlindən alan əlamətlərinin ağuşunda can verib xatirələrə qovuşacaq və onu bu hala salan "insanlar" tərəfindən yazıq, dəli, bədbəxt qadın kimi xatırlanacaq.